26 Mart 2019 19:08
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki“Diqlas” Ticarət Mərkəzində baş verən yanğında 12 nəfər xəsarət alıb.

Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından "Report"a verilən məlumata görə, hadisə yerinə Nizami rayon 6 saylı Təcili Tibbi Yardım Stansiyasının, Xətai rayonu 7 saylı Təcili Tibbi Yardım Stansiyasının, Sabunçu rayonu 13 saylı Təcili Tibbi Yardım Stansiyasının bölmələri cəlb edilib.

Yanğın zamanı 5 nəfər tüstüdən boğulma ilə təcili yardıma müraciət edib: "Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1-i xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı həmçinin 1 polis əməkdaşı burun qanaxması ilə təcili yardıma müraciət edib. Yanğın zamanı habelə daha 2 nəfər də yanıq xəsarətləri alıb", - deyə rəsmi məlumatda bildirilir.

Qeyd edək ki, xəsarət alanların hamısı Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarıdır.

12:05

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb.

Teleqraf.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

***

09:31

“Diqlas” ticarət mərkəzindəki yanğın güclənib.

Ticarət mərkəzi yararsız hala düşüb. Alovun söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin helikopterləri cəlb edilib. Yanğının yaxınlıqdakı yaşayış binasına keçməsi təhlükəsinin qarşısı alınıb. Alov elektrik naqillərini də sıradan çıxarıb. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili yardım maşınları ilə xəstəxanaya aparılıblar.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ticarət mərkəzində başlayan yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Teleqraf.com-a bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

***

Bakının Nizami rayonu ərazisində yanğın hadisəsi baş verib.

Yanğın paytaxtın 8-ci kilometr adlanan ərazisindəki "Diqlas" ticarət mərkəzində qeydə alınıb.

Hazırda əraziyə FHN-in canlı qüvvə və texnikası əraziyə cəlb olunub. Bina təxliyyə edilir./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər