Bakıda vətəndaşın şantaj olunması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Bakı şəhər sakini A.Əliyev 2018-ci ilin noyabr ayından 2019-cu il fevral ayının 5-dək olan müddətdə 2 nəfərin ona hədə-qorxu gələrək 165.000 manat pulunu aldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri O.Əsədov və A.İbrahimli müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Şəxsi axtarış zamanı O.Əsədovdan və A.İbrahimlidən narkotik vasitə olan heroin və metamfetamin aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.