4 Sentyabr 2014 19:40
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musa Qasımlı: “Azərbaycan və Türkiyənin bu istiqamətdə birgə fəaliyyətinin çoxlu formaları ola bilər”

Elman Nəsirli: “Türkiyənin bu məsələdə dəyişməz, qətiyyətli mövqeyi var”

Sentyabrın 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən prezident İlham Əliyevin dediyi bir fikir xüsusilə diqqət çəkir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində göstərdiyi səylərə görə və Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün minnətdarlığını bildirən İlham Əliyev eyni zamanda, Azərbaycanın da bütün beynəlxalq qurumlarda daim Türkiyənin yanında olduğunu vurğulayıb: “Biz gələn il Ermənistanda qeyd ediləcək qondarma, sözdə “soyqırımı” ilə bağlı fikirlərimizi bölüşmüşük. Türkiyə ilə Azərbaycan həm xarici işlər nazirləri, həm səfirliklər səviyyəsində birgə fəaliyyət göstərir və göstərəcəklər. Diaspor təşkilatlarımız da, ictimai təşkilatlar da bu işlərdə birgə fəaliyyət göstərir və göstərəcəklər ki, biz dünyada qondarma “erməni soyqırımı”nın ifşası ilə bağlı öz işlərimizi əlaqələndirilmiş şəkildə aparaq. Ermənistan və dünya erməniliyi beynəlxalq ictimai rəyi çaşdırmaq, yalan üzərində tarix qurmaq istəyir, Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürür. Bunların heç bir tarixi əsası yoxdur. Bu, yalandır, böhtandır, iftiradır. Biz birgə səylərlə və bizə yaxın olan ölkələrlə birlikdə erməni yalanını bundan sonra da birgə ifşa edəcəyik”.

Bəs, erməni yalanlarına qarşı birgə mübarizə istiqamətində hansı addımlar atıla bilər? Xüsusilə, gələn il qondarma soyqırımın yüz illiyi ilə bağlı Azərbaycan və Türkiyə nələr edə bilərlər?

Bu istiqamətdə suallarımızı cavablandıran millət vəkili, professor Musa Qasımlı deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk səfərini Azərbaycana etməsinin böyük mənası var. Onun fikrincə, bu onu göstərir ki, Türkiyə dövləti xarici siyasətində Azərbaycan Respublikasına böyük önəm verir. M.Qasımlı deyib ki, səfər zamanı keçirilən müzakirələr əhəmiyyətlidir. Danışıqlar və qəbul edilən qərarlar iki ölkə arasında münasibətlərdə yeni səhifə açır.

Qondarma erməni soyqırımına qarşı birgə mübarizənin istiqamətlərindən danışan M.Qasımlı deyib: “Hər şeydən əvvəl bir tarixçi olaraq onu vurğulamaq istəyirəm ki, tarixdə erməni soyqırımı deyilən bir şey olmayıb. Bu, ermənilərin uydurmasıdır. Əslində I Dünya müharibəsinin gedişində dinc türk, müsəlman əhaliyə qarşı soyqırımı erməni silahlı dəstələri, sonra isə Ermənistan Respublikası törədib. Azərbaycan və Türkiyənin bu istiqamətdə birgə fəaliyyətinin çoxlu formaları ola bilər. Müştərək filmlərin çəkilməsi, televiziya-radio proqramlarının hazırlanması, dünyanın müxtəlif ölkələrində mətbuatda məqalələrlə çıxış edilməsi, aprelin 24-də dünyanın hansı ölkəsində Ermənistan səfirliyi varsa, onun qarşısında Azərbaycan və Türkiyə diasporlarının mitinqlərinin keçirilməsi, seminar, konfrans və simpoziumların təşkili və digərləri birgə mübarizənin tərkib hissələri ola bilər. Bu il mənim Moskvada “Anadolu və Cənubi Qafqaz 1724-1920-cı illərdə: Gerçək tarix axtarışında” adlı iri həcmli monoqrafiyam nəşr edilib. Bu monoqrafiya ən mötəbər arxiv mənbələri əsasında ermənilərin Cənubi Qafqaza gəlmə olduğunu, I Dünya müharibəsi illərində soyqırımı törətdiklərini sübut edir. Mənbələr Azərbaycan və Türkiyə arxivlərindən götürülməyib, Rusiya, Gürcüstan arxiv materiallarıdır və bir çoxları erməni mənbələridir. Hesab edirəm ki, biz birlikdə erməni yalanına tutarlı cavab verə bilərik. Nəşr olunan kitabların geniş ictimaiyyətə təqdim olunması vacibdir və eyni zamanda biz, yəni hər iki ölkə erməni dilində mütəxəssislərin hazırlanması işini genişləndirə bilərik. Erməni tarixi, erməni ədəbiyyatı, erməni etnoqrafiyası, psixologiyası ilə bağlı araşdırmaları genişləndirməliyik”.

Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli isə bildirib ki, Türkiyə prezidentinin ilk səfərini Azərbaycana etməsi ölkələrimizin yüksək əlaqələrinin göstəricisidir. Onun sözlərinə görə, bu bir daha Azərbaycana xüsusi münasibət olduğunu təsdiq edir.

E.Nəsirov bildirib ki, səfər zamanı bir çox məsələlər geniş müzakirə olunub. Onun sözlərinə görə, danışıqlar prosesində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də xüsusi diqqət mərkəzində olub: “Məsələyə bu prizmadan yanaşdıqda hesab edirəm ki, bu səfərin olduqca böyük əhəmiyyəti var. Bəzi qüvvələr hesab edirlər ki, guya cənab Ərdoğanın 2015-ci ildə Ermənistana dəvət alması müəyyən mənada Ermənistanla sərhədlərin açılması məsələsinə yenidən baxılmasına gətirib çıxara bilər. Hesab edirəm ki, Türkiyənin bu məsələdə dəyişməz, qətiyyətli mövqeyi var. Rəcəb Tayyib Ərdoğan hələ baş nazir olarkən də dəfələrlə bildirmişdi ki, onlar Ermənistanla münasibətlərin bərpasının əleyhinə deyillər, ancaq bu, yalnız Azərbaycanın torpaqlarının işğalı ilə bağlıdır. Ona görə də əgər həmin səbəb aradan qalxsa, işğala son qoyulsa, bu halda yeni şərait formalaşar və Ermənistanla münasibətlərə, eyni zamanda səhədlərin açılması məsələsinə baxıla bilər. Yəni bu mövqe bəlli mövqedir”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər