"Azərbaycanla Moldova ilk növbədə münaqişələrlə bağlı vahid mövqe ilə çıxış edirlər"
Bu gün Xarici İşlər Nazirliyində nazir Elmar Məmmədyarovun Moldovanın baş nazirinin müavini, xarici işlər və Avropa inteqrasiyası naziri xanım Natalia Qermanla təkbətək və geniş tərkibli görüşü keçirilib.
Teleqraf.com xəbər verir ki, görüş başa çatandan sonra nazirlər jurnalistlər üçün brifinq keçirib.
E.Məmmədyarov bildirib ki, görüş zamanı Azərbaycanla Moldovanın beynəlxalq təşkilatlar, o cümlədən ATƏT və digər təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə olunub. Nazir qeyd edib ki, Azərbaycanla Moldova ilk növbədə münaqişələr, həmçinin digər məsələlərdə vahid mövqe ilə çıxış edirlər: “Görüş zaman iqtisadi layihələr, investisiya qoyuluşu müzakirə olundu. Hazırda Moldovada Azərbaycan biznesi mövcuddur. İki ölkə Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq edir”.
Moldovalı nazir Natalia Qerman öz növbəsində iki ölkə arasında iqtisadi, siyasi və humanitar sahələrdə münasibətlərin əla vəziyyətdə olduğunu bildirib: “Azərbaycanla Moldova beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin lehinə səs verirlər. Bu, hər zaman belə olacaq. GUAM çərçivəsində də bizim faydalı əməkdaşlığımız var. Vaxt gəlib çatıb ki, ikitərəfli əməkdaşlığı daha da genişləndirək. Moldova üçün Azərbaycanla ticarət dövriyyəsinin həcmini artırmaq çox vacibdir”.
Onun sözlərinə görə, ilin sonunadək ikitərəfli hökumətlərarası komissiyanın iclası olacaq: “Biz Azərbaycan Prezidentini Moldovada gözləyirik. Ümid edirik ki, bu görüş zamanı biznes forum keçiriləcək”.
Səxavət