Fövqəladə Hallar Nazirliyi Ağsuda baş verən yanğınla bağlı məlumat yayıb.
Teleqraf.com-un nazirliyin saytına istinadən verdiyi xəbərə görə, avqustun 29-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağsu rayonu, Kəlağayı kəndində mürəkkəb relyefli dağlıq ərazidə quru ot və kol-kos yanması barədə məlumat daxil olub.
Yanğının qarşısının alınması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülkü müdafiə qoşunlarının canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin 2 helekopteri və 1 “BE 200 ÇS” tipli amfibiya təyyarəsi cəlb olunub.
***
15:15
Ağsu rayonunda dağlıq ərazidə yanğın başlayıb.
Rayon Icra Hakimiyyətindən verilən məlumata görə, hadisə rayonun Xanbulaq kəndi ərazisində baş verib.
Ərazi dağlıq sahə olduğundan yanğının qarşısını qısa müddətdə almaq mümkün olmayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin helikopteri, canlı qüvvə və texnikaları cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir./trend/