1 May 2014 11:34
1 983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti İlham Əliyevin Ağdaş rayonuna səfəri başlayıb.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı əvvəlcə Ağdaş şəhərinin mərkəzində Heydər Əliyevin yeni ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.


Ağdaş Rayon icra Hakimiyyətinin başçısı Tofiq İbrahimov prezident İlham Əliyevə H.Əliyevin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.


Bildirilib ki, burada iki fəvvarə kompleksi yaradılıb. Abidənin ətrafı mərmərlə üzlənib, geniş yaşıllaşdırma işləri həyata keçirilib.

Prezident İlham Əliyev Ağdaşda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevə məlumat verilib ki, mərkəzin inşasına 2012-ci ilin avqustunda başlanıb. İnşaat işləri ən yüksək standartlar səviyyəsində həyata keçirilib. Ümumi sahəsi 5 min 800 kvadratmetr olan ikimərtəbəli bina zəruri avadanlıqla təchiz edilib.

Girişdə Mərkəzin qonaqlarına inzibati binanın maketi təqdim olunur. Birinci mərtəbədə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Buradakı ekspozisiya zalında Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı sənədlər böyük maraq doğurur.

Dahi şəxsiyyətin müxtəlif dövrlərdə çəkilmiş fotoları 6 guşədə yerləşdirilmişdir. Bu fotolarda Ümummilli Liderin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən Ağdaşın inkişafına da xüsusi diqqət göstərməsi dolğun əksini tapmışdır. Ulu Öndərin rayondakı müxtəlif obyektlərin açılışında iştirak etməsi, ictimaiyyət nümayəndələri, ziyalılar və zəhmətkeşlərlə görüşləri ağdaşlıların xatirəsində dərin izlər buraxmışdır. Mərkəzdə xarici dil kursları, foto-video-audio studiya, informasiya texnologiyaları otağı, xalq çalğı alətləri dərnəyi, rəqs studiyası, internet klub, kafe, 3D kino zalı və s. fəaliyyət göstərəcək.

Prezident İlham Əliyevin müxtəlif illərdə Ağdaşa səfərlərini əks etdirən fotoguşənin də yaradıldığı Mərkəzdə rayonun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək üçün hərtərəfli imkan vardır. Mərkəzin böyük və kiçik konfrans zallarında ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin, o cümlədən ulu öndər Heydər Əliyevin zəngin irsinin geniş təbliği məqsədi ilə açıq dərslərin keçirilməsi də nəzərdə tutulmuşdur. Açıq sərgi salonunda maraqlı rəsm nümunələri nümayiş etdirilir. Burada rəsm və heykəltəraşlıq studiyası, xalq sənətkarlığı emalatxanası, dizayn və kompyuter kursları, elektron kitabxana fəaliyyət göstərəcəkdir.

İntellektual oyunlar otağında müxtəlif oyunların təşkili planlaşdırılır.

Son illər respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin keçirilməsi nəzərə alınaraq, Ağdaş Heydər Əliyev Mərkəzində VVAQ otağı (qeydiyyat şöbəsi) da yaradılmışdır.

Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyəti adından çıxış edən Şəhla Hacıbalayeva Ağdaşın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

Səxavət


Müəllif: