18 İyul 2020 09:26
1 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə quldurluq etməkdə təqsirli bilinən İlyas Abdullayev, Elçin Babayev, Xəyal Ömərov və Nicat Bəşirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Nahid Mirzəyevin icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu il fevralın 3-də saat 22 radələrində Şəki rayonunun Cəfərabad kəndi ərazisində R.Muxtarzadənin idarə etdiyi, şirkətlərdən birinə məxsus “Ford” markalı avtomobilin “VAZ 2106” markalı avtomobillə vurulması, həmin avtomobildən düşmüş üç nəfərin “Ford” avtomobilində sərnişin qismində əyləşən C.Kərimova küt alətlə xəsarət yetirərək içərisində 15-20 min manat pul olan çantanı aparması barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə məlumat verilib.

Quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslərdən ikisi - Göyçay rayon sakinləri əvvəllər məhkum olunmuş 32 yaşlı Xəyal Ömərov və 37 yaşlı İlyas Abdullayev Baş Cinayət Axtarış, Baş İctimai Təhlükəsizlik, Baş Dövlət Yol Polisi idarələri, Təhlükəsiz Şəhər Xidməti, Şəki şəhər-rayon və Göyçay rayon polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılıb.

Quldurluq nəticəsində əldə olunmuş pulun bir qismi maddi sübut kimi götürülüb.

Həmçinin onların cinayət hadisəsini törədərkən istifadə etdikləri nəqliyyat vasitəsi - “VAZ 2106” markalı avtomobil də saxlanılaraq polis şöbəsinə gətirilib.

Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə cinayət hadisəsindən xəbərdar olmasına baxmayaraq, polisə məlumat vermədiyinə və cinayət yolu ilə əldə edilən pulun bir hissəsini aldığına görə Göyçay rayonunun Qarabaqqal kənd sakini Nicat Bəşirov da şübhəli şəxs qismində saxlanılıb.

Daha sonra cinayətin sonuncu iştirakçısı Elçin Babayev də həbs edilib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəslərin barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə ittiham elan olunub.


Müəllif: Hacı Zeynalov