9 Oktyabr 2014 18:29
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı ən çox önəm verdiyi məsələlərdən biri də Azərbaycan Ordusunun getdikcə güclənməsi idi”. Bunu Trend-ə açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.

F.Ağamalı qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycan Ordusunun təkcə regionda deyil, dünya miqyasında güclü ordular sırasında olmasını qeyd etməsi ciddi amildir: “Həm də Azərbaycanın Ermənistan üzərində ciddi üstünlükləri cənab Prezident tərəfindən önə çəkildi. Prezidentin bu fikirləri təkcə daxili auditoriya üçün deyil, Ermənistan və onun havadarları üçün də bir xəbərdarlıq xarakteri daşıyırdı ki, Azərbaycanın işğal olunmuş torpaqları sülh yolu ilə geri qaytarılmasa, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı hərbi yolla azad edəcək”.

Millət vəkili bildirib ki, bu gün Azərbaycan Ordusunun hərbi-texniki təchizatı ən yüksək səviyyədədir: “Azərbaycan dünyanın müxtəlif ölkələrindən ən müasir silahlar almaqla, hər il keçirilən hərbi sərgilərdə iştirak etməklə kifayətlənmir, həm də öz hərbi sənayesini getdikcə genişləndirir”.

F.Ağamalının sözlərinə görə, çox fərəhli haldır ki, Azərbaycan Ordusu getdikcə bütün sahələr üzrə Azərbaycanın öz istehsalı olan silah və hərbi sursatlarla təchiz edilir: “Bu da Azərbaycan Ordusunun çox üstün cəhətlərindən biridir. Əlbəttə, bütün bunlar ölkə Prezidentinin düşünülmüş, müdrik və ağıllı siyasətinin məntiqi nəticəsidir”.


Müəllif:

Oxşar xəbərlər