Milli Şuranın 12 oktyab aksiyasına maraq yoxdur
Oktyabrın 12-də Milli Şura mitinq keçirəcək. Ancaq mitinq təşkilatçıları öz aralarında aparıcılıqla bağlı razılığa gələ bilməyiblər.
"Bu, müxalifətin xırda aksiyalarından biri olacaq"
Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, mitinqi keçirməsəydilər, özləri üçün daha yaxşı olardı: "Çünki çoxlu elektorat yığa, güclərini ortaya qoya bilməyəcəklər. Sadəcə, bir qrup insanın narazılığının şahidi olacaqlar. Seçdiklərin şüarın özü də uğursuzdur. Azərbaycanda "siyasi məhbus"ların olmaması onların özlərinə də yaxşı aydındır. Kimlərinsə Cinayət Məcəlləsinin müəyyən bəndlərini pozması ilə cinayət məsuliyyətinə cəlb edilməsi "siyasi məhbus"luq deyil".
A.Mirzəzadə bildirib ki, müxalifətin əsas vəzifəsi iqtidara alternativ olmaq, ortaya müəyyən proqram qoymaqdır: "Ölkədəki mövcud problemlərə, regionların sosial-iqtisadi inkişafına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, Qarabağ probleminin həllinə, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına, təhsilimizin, mədəniyyətimizin, səhiyyəmizin inkişafına dair müxalifət hansı proqramı ortaya qoyub? Bunlar yoxdur. Bu, müxalifətin xırda aksiyalarından biri olacaq".
"Mitinq keçirməyin qaydalarını öyrənməlidirlər"
İnsan Hüquqları XXI əsr - Azərbaycan Fondunun sədri Şahin Camalov bildirib ki, uzun illərdir həm müxalifət, həm də bəzi "hüquq müdafiə təşkilatları" tərəfindən belə mitinqlərə cəhd edilir: "Milli şuralar və ya bu ad altında toplaşmış insanlar başa düşməlidir ki, xalq artıq onları dinləmir. İnsanlar mitinqlərə gəlmir, heç bunun marağında da deyillər. İndi də "siyasi məhbus", "vicdan məhbusu" adı altında insanları mitinqlərə cəlb etmək istəyirlər. 10 il bundan əvvəl Avropa Şurası və digər beynəlxalq qurumlar bu ad altında Azərbaycana təzyiqlər göstərirdi. Amma zaman-zaman həm onlar, həm də bizim insanlar başa düşdülər ki, belə bir anlayış mövcud deyil.".
Ş.Camalov əlavə edib ki, belə lazımsız mitinqlər onların özlərini biabır etməsi üçün atılan addımdır: "Müxalifət ya bu mitinqləri keçirməməli, ya da mitinq keçirməyin qaydalarını öyrənməlidir".
"Kimdir Əli Kərimlinin mitinqinə qatılan?"
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı bildirib ki, ABŞ prezidenti Barak Obamanın Azərbaycanla bağlı məlum çıxışından sonra Əli Kərimli ABŞ-a yarınmaq üçün mitinq arzusunu ortaya qoyub. Onun sözlərinə görə, onların mitinq keçirtmək təşəbbüsü bununla bağlıdır: "Bu adam yenidən özünü "qərbyönümlü" siyasətçi kimi ABŞ-a təqdim edir. Özü də yaxşı bilir ki, Milli Şurada Cəmil Həsənlidən başqa heç kim qalmayıb. Kimdir Əli Kərimlinin mitinqinə qatılan?"
N.Orduxanlı qeyd edib ki, 12 oktyabr mitinqi çox zəif keçəcək: "Düşünmürəm ki, Əli Kərimlinin keçirdiyi mitinqə ciddi dəstək verilsin".
"Mitinq etmək üçün sosial baza olmalıdır"
Politoloq Ramiz Alıyev bildirib ki, Milli Şuranın 12 oktyabr mitinqi müxalifətin növbəti fiaskosu olacaq. Onun sözlərinə görə, pul ilə insanları mitinqə cəlb etmək olmaz: "Mitinq etmək üçün sosial baza olmalıdır, bu da Milli Şura deyilən qurumda yoxdur. Eyni zamanda, "siyasi məhbus" adı ilə mitinq keçirmək niyyətində olan təşkilat ilk öncə siyasi məhbus anlayışını dərk etməlidir. "Siyasi məhbus" dedikləri adamlar ya xarici ölkələrin ölkəmizdə olan kəşfiyyatçıları, ya da Azərbaycan qanunvericiliyinə zidd addımlar atan şəxslərdir. Məhkəmənin qərarı ilə cinayətkar adını alanlar necə ola bilər ki, "siyasi məhbus" olsun?"
R.Alıyev qeyd edib ki, Azərbaycanda siyasi baxışına görə heç kim təqib olunmur: "Milli Şura və digər müxalifət partiyaları xalq arasında nüfuz qazanmaq istəyirlərsə, Qarabağ problemi, bəzi dünya ölkələrinin və beynəlxalq təşkilatların qərəzli fikirlərinə qarşı öz etirazlarını bildirsinlər. Amma bunu edə bilməzlər. Çünki onda xarici ölkələrin kəşfiyyatçısı olmaqdan kənar qalarlar və onlara maliyyə ödənilməz".
"Bu cür mitinqlərin keçirilməsi mahiyyətsizdir"
"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, bu gün siyasi məhbus adı altında mitinqlərdə iştirak edən və bu haqqı tələb etmək xülyasına qapılan şəxslər maraqlarına xidmət etdikləri ölkələrdəki ictimai siyasi prosesləri daha dərindən izləməlidir. Onun sözlərinə görə, bəzi bu kimi şəxslərin əksəriyyəti Azərbaycanın milli maraqlarına qarşı çıxır, anti-azərbaycançı şəbəkənin tapşırığını yerinə yetirir: "Azərbaycanda qanunlar çərçivəsində, maraqlarımızı qorumaq istəməyən, qara piarla məşğul olanlar küçələrə çıxacaqlar. Bu cür mitinqlərin keçirilməsi əsassız və mahiyyətsizdir. Bu kimi dairələrin indiyədək həyata keçirdiyi mitinqləri də görmüşük, onların ətrafına topladığı 50-60 nəfəri də. Lakin bundan əldə etdikləri heç bir şey olmayacaq. Azərbaycanda qanunvericiliyə riayət etməyən istənilən şəxs qanun qarşısında cavab verməlidir".
BƏXTİYAR