1 Sentyabr 2020 17:14
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qeyri-aşkar şəraitdə törədilən qətllərlə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Belə ki, martın 6-da Abşeron rayon sakini Zərnişan Hacıyevanın üzərində zorakılıq əlamətləri olan meyitinin Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində Natiq Talıbovun üzərində zorakılıq əlamətləri olan meyitinin isə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində aşkar edilməsi faktları üzrə Xəzər və Sabunçu rayon prokurorluqlarında başlanmış cinayət işləri vahid icraatda birləşdirilməklə Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam etdirilib.

Cinayət işinin xüsusi mürəkkəbliyi nəzərə alınaraq, istintaqın hərtərəfli, tam və obyektiv aparılması üçün peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla Zərnişan Hacıyevanın əri Anar Hacıyevin qardaşı Sakit Hacıyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında arvadı ilə həmkəndlisi və qonşusu Natiq Talıbovu qısqanclıq zəminində onlardan qisas almaq məqsədilə hər iki şəxsə çoxsaylı bıçaq zərbələri vuraraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Anar və Sakit Hacıyevlər Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

31.08.2020-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər