Masallı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ödəmə aparatından və oyun zalından oğurluq edən şəxslər saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən oyun zalından ümumi dəyəri 1182 manat olan 3 ədəd “Playstation-3” aparatının, həmin aparatlara aid pultların və 1 ədəd qəlyanın oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu törətməkdə şübhəli bilinən Masallı sakini Yalçın Həşimov saxlanılıb və oğurladığı əşyalar ondan maddi sübut kimi götürülüb.
Masallı rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi digər bir əməliyyat-axtarış tədbiri nəticəsində isə rayon ərazisindəki ödəmə aparatlarından birini balta ilə sındıraraq içərisindən 465 manat pul oğurlayan Kamran Xammədov saxlanılıb.
Saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı ondan 3 qramdan artıq narkotik vasitə heroin və oğurladığı pulların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.