Bakının Sabunçu rayonunda qətl törətməkdə təqsirli bilinən Ülvi Mahmudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim İlham Mahmudovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, ötən ilin oktyabrın 23-də saat 09 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbə sakini 1988-ci il təvəllüdlü Məmmədov Natiq Fəxrəddin oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla Balaxanı qəsəbə sakini 1995-ci il təvəllüdlü Mahmudov Ülvi Vüqar oğlunun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Natiq Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ülvi Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfindən Ülvi Mahmudovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.