Azərbaycan nəinki Qafqazın, hətta bütün dünyanın ən tolerant ölkəsidir.
Teleqraf.com-un məlumatına görə, bu fikir Amerika Yəhudiləri Yardım Təşkilatının (Vaad L`Hatzolas Nidchei Yisroel) üzvlərinin Azərbaycan Respublikası Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev ilə görüşündə səsləndirilib.
Görüşdə təşkilatın Azərbaycan bölməsinin sədri Rav Şmeul Simatov, qurumun sədr müavini Rav Zamir İsayev və mətbuat xidmətinin katibi Murad Salmanov iştirak edib.
Heyətlər arasında keçirilən görüşdə qonaqları salamlayan Kamal Abdullayev dövlətin tolerantlıq siyasətindən və Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqət və qayğısından danışıb.
Rav Şmeul Simantov təşkilat haqqında məlumat verərək bildirib: “Mən İsrail vətəndaşı olsam da, daim özümü azərbaycanlı kimi hiss edirəm. Bu gün Azərbaycan nəinki Qafqazın, hətta bütün dünyanın ən tolerant ölkəsidir”.
Görüşdə ikitərəfli əməkdaşlıq, Azərbaycan və yəhudi xalqlarının qardaşlığını gücləndirə biləcək ortaq layihələr haqqında müzakirələr aparılıb.