Oğuz rayonunda oronavirus infeksiyasının yayılması təhlükəsi yaratmaqda ittiham olunan Ceyran Əsədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Oğuz rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Kamran Süleymanovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası martın 9-na təyin olunub.
İttihama görə, Ceyran Əsədovaya “Covid-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, yaşadığı evi qanunsuz tərk etməklə epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.
İstintaq orqanı tərəfindən Ceyran Əsədovanın barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham elan edilib.