29 Oktyabr 2014 12:41
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat başqanının müavini Elman Fəttah başqanlığa keçmiş namizədlər Qubad İbadoğlu ilə Tural Abbaslı tərəfdarlarının fraksiya yaratmaq niyyətinə münasibətini açıqlayıb.

O, Teleqraf.com-a açıqlamasında deyib ki, partiya nizamnaməsində fraksiya nəzərdə tutulmayıb: “Əgər nizamnamədən kənar fəaliyyət olmayacağını iddia edirlərsə, deməli fraksiyanı yaratmayacaqlar. Ümumilikdə Arif Hacılıya qarşı hər hansı birləşmə müşahidə etmirəm. Müsavat daxilində təhlükəli proses getmir, hər şey qaydasındadır.

Narazı tərəf yoxdur, sadəcə narazı olan bir neçə insan var ki, biz onların istər şikayətlərini, istərsə də etirazlarını hər zaman dinləməyə hazırıq”.

O, Q.İbadoğlunun Müsavat Məclisinin bəyanatının MNTK-nın işinə təzyiq kimi qiymətləndirməsinə də münasibət bildirib: “MNTK qurultayın yaratdığı müstəqil orqandır, onun Məclisə hər hansı tabeçiliyi yoxdur. Nəinki Məclisin, Müsavat başqanının da bu quruma təsir göstərmək imkanı yoxdur. Məclisdə qəbul edilən bəyanat isə üzvlərin ümumi rəyini ehtiva edir. Mətbuatda və sosial şəbəkədə plüralizmdən kənara çıxan ittihamlara iradlar idi. Orada kəskin ifadələr də yoxdur. Sadəcə Məclis vurğulayıb ki, partiya üzvlərinin aşağılayıcı ifadələri təəssüf doğurur”.

Qeyd edək ki, Qubad İbadoğlunun seçkilərdə opponent olmuş Tural Abbaslı ilə birləşib yeni başqan Arif Hacılıya qarşı vahid cəbhədə savaşacağı barədə xəbərlər yayılıb. Məlumatlara görə, tərəflər fraksiya yaradacaq.

Tural Abbaslı fraksiyanın yaradılması barədə müzakirələr getdiyini bildirib. Onun sözlərinə görə, burada nizamnaməyə zidd, partiya əleyhinə addım yoxdur: “Partiya daxilində demokratiyanın və balansın təmin olunması, hər tərəfin sözünün eşidilməsi üçün addımlar atacağıq. Seçkilərdən bəlli müddət keçib, təəssüf ki, yeni rəhbərlikdə hər tərəfin iştirakı ilə partiyanın fəaliyyətini qurmaq arzularını görmədim. Fraksiya barədə öz üzvlərimiz, həm keçmiş funksionerlər, həm də indiki Məclis üzvləri arasında danışıqlar gedir. Bunu narazı tərəfin addımı kimi qələmə verməyin tərəfdarı deyiləm. Sadəcə İsa Qəmbər başqanlıqdan gedəndən sonra partiyada yeni siyasi situasiya yaranıb. Bu durumun da tələb etdiyi bəzi şərtlər var. Düşünürəm ki, partiya daxili fraksiyanın yaradılması da bunun tərkib hissəsidir”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər