Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən paytaxt sakini, əvvəllər məhkum olunmuş Taleh Muxtarov tutulub.
Teleqraf.com xəbər verir ki, araşdırma zamanı onun Xəzər rayonunun Binə və digər qəsəbələrində 6 evdən pul, qızıl-zinət, məişət əşyaları, habelə velosipedlər oğurladığı məlum olub.
Onun zərərçəkənlərə ümumilikdə 40 min manata yaxın maddi ziyan vurduğu məlum olub.
Araşdırma zamanı Taleh Muxtarovun paytaxtın Suraxanı və Sabunçu rayonlarında da evlərdən oğurluq etdiyini etiraf edib.
Qeyd edək ki, saxlanılan şəxs əldə etdiyi qızl-zinət əşyalarını metronun “Neftçilər” stansiyasının yaxınlığındakı qızıl qəbulu mağazalarına satıb.
Faktla bağlı 3-cü polis bölməsində toplanan materiallar Xəzər rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Taleh Muxtarov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Taleh Muxtarov paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur.
Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və Daxili İşlər Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.