24 May 2021 11:31
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz rayon polis şöbəsinə Xaçmaz kəndi ərazisindəki örüş sahəsindən bir baş dananın oğurlanması barədə müraciət daxil olub.

Teleqraf.com xəbər verir ki, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxslərin zərərçəkmişin həmkəndliləri, əvvəllər məhkum olunmuş Elməddin Seydəliyev və Samir Şəkərəliyev olduqları müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar.

Davam etdirilən tədbirlərlə E.Seydəliyev və S.Şəkərəliyevin aprel-may aylarında Xaçmaz kəndində ayrı-ayrı şəxslərə məxsus, ümumi dəyəri 6 min manata yaxın olan 3 baş iribuynuzlu və 23 baş xırdabuynuzlu mal-qaranı oğurladıqları da məlum olub.

Onlar ifadələrində törətdikləri cinayət əməlini etiraf edərək, heyvanları Ağdaş, Bərdə, Mingəçevir və Göyçay rayonlarındakı bazarlarda satdıqlarını bildiriblər.

Faktla bağlı Oğuz rayon polis şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.


Müəllif: Hacı Zeynalov