Yeni Günəşli qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Suraxanı rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib.
Əraziyə gələn polislər obyektə baxış keçirən zaman marketə hər hansı bir ziyanın dəymədiyini müəyyən ediblər.
Həmin vaxt obyektə bitişik olan qadın gözəllik salonundan isə bir nəfərin məişət əşyaları oğurlayaraq qaçması polis əməkdaşlarının diqqətindən yayınmayıb.
Mühafizə polislərinin çevikliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ramil Rəfixanov saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinə təhvil verilib.
Həmin şəxs ifadəsində oğurluq etdiyi üçün mühafizə polisləri tərəfindən saxlanıldığını bildirib.
Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir.
Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, habelə, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.