12 İyul 2021 13:05
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayonu Qazmalar kəndi ərazisində 23 ədəd qovaq ağacının naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək təbiətə ümumilikdə 27760 manat dəyərində maddi ziyanın vurulması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən polis şöbəsinə məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Daxil olmuş müraciət əsasında Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində ağacları kəsən şəxsin İbaxlı kənd sakini Kamran Abdullayev olduğu müəyyən edilib. O, saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırma zamanı K.Abdullayevin həmin ağacları kəsərək özünə məxsus “QAZ-53” markalı yük avtomobili ilə daşıdığı və ayrı-ayrı şəxslərə satdığı məlum olub.

Faktla bağlı Qax rayon polis şöbəsində Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə ) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər