13 Sentyabr 2021 15:57
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci il iyulun 6-da Ağsu rayon sakini Sahib Babayevin Ağsu çayının kənarında meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Baş Prokurorluğun əvvəlki Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq aparılmış, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

2020-ci ildə həmin cinayət işi Baş Prokurorluğun İstintaq idarəsində yenidən öyrənildikdən sonra icraat təzələnib və aparılmış çoxsaylı istintaq hərəkətləri nəticəsində cinayət əməlinin Ağsu rayon sakini Vahid Gözəlov tərəfindən törədilməsi müəyyən edilib.

İstintaqla müəyyən edilib ki, Vahid Gözəlov 2015-ci il iyunun 18-də saat 21 radələrində işlədiyi avtomobil təmiri sexindən çıxaraq bacısı evinə gedərkən, sonuncunun həyətində Sahib Babayevi oturmuş vəziyyətdə görüb onunla şəxsi münasibətlər zəminində mübahisə etməklə öldürmək qərarına gəlib.

Sahib Babayevin sifət nahiyəsinə 2 dəfə sillə vurub yerə yıxıb, sonuncunun başının daş hasara dəyərək huşsuz vəziyyətə düşməsini və bununla da onun müqavimət göstərmək imkanının olmamasını görüb, yaxınlıqda olan sintetik iplə Sahib Babayevi boğaraq öldürün.

Sonrakı günlərdə isə meyiti sellofona bükərək torbaya salaraq Ağsu çayının kənarına aparıb.

Vahid Gözəlov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər