Sabirabad rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Sabirabad və Saatlı rayon polis şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabr ayının 9-da Sabirabad rayonu ərazisində iki taksi sürücüsünə bıçaqla xəsarət yetirərək, pullarını quldurluq yolu ələ keçirən şəxs saxlanılıb.
Araşdırmalarla onun Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Adəm Namazov olduğu müəyyən edilib.
A.Namazov ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun taksi fəaliyyəti ilə məşğul olan daha beş sürücünün pullarını quldurluq və dələduzluq yolu ilə ələ keçirdiyi də müəyyənləşdirilib.
Faktla bağlı saxlanılan şəxs barəsində Sabirabad rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb.
A.Namazovun cinayət əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Sabirabad rayon polis şöbəsinə müraciət etmələri xahiş olunur.
Araşdırmalar davam etdirilir.