Mingəçevir şəhərində evdə partlayış olub, 2 nəfər yaralanıb.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, şəhərdə ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evdə məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Nəticədə evin dam örtüyü çöküb, divarları dağılıb və 12 m2 sahədə taxta konstruksiyaları yanıb.
Partlayışın dalğasından həyətyanı sahədə dayanmış "VAZ" markalı minik avtomobilinin şüşələri sınıb, qonşu evlərin dam örtüyünə və pəncərə çərçivələrinə ziyan dəyib.
Partlayış zamanı evdə olan 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
* * *
13:38
Mingəçevir şəhəri Bağlar massivi 12-ci küçə ərazisində yerləşən evlərin birində güclü partlayış baş verib. Partlayışın səsi şəhərin hər tərəfindən eşidilib.
Teleqraf.com Publika.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 8 evdə dağıntılar meydana gəlib.
Partlayış həmin küçənin sakini Sevinc Qəmbərovaya məxsus evdə baş verib, ev tamamilə yararsız vəziyyətə düşüb.
İlkin məlumatlara görə, partlayış qaz sızması nəticəsində baş verib. Ev sahibi Sevinc Qəmbərova və oğlu yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Evi dağılan qonşu Əliyev Valeh bildirib ki, mənzili tam yararsız vəziyyətdədir.
Faktla bağlı araşdırma aparılır.