“Biz artıq üçüncü gündür ki, dövlət büdcəsini müzakirə edirik. Büdcə hazırlananda Azərbaycanın iqtisadi göstəriciləri, beynəlxalq siyasəti nəzərə alınır. Büdcə təkmildir. Biz hər bir dairədən seçilən deputatlarıq. Hər kəs çalışır ki, təmsil etdiyi seçki dairəsinə büdcədən daha çox vəsait ayrılsın. Amma biz büdcəyə görə, addım atmalıyıq. Yəni yorğanımıza görə, ayağımızı uzatmalıyıq”.
Bunu Milli Məclisdə çıxışı zamanı vitse-spiker Ziyafət Əsgərov deyib.
O bildirib ki, illər keçdikcə bu məsələlər düzələcək: “Mən xatırlayıram, 90-cı illərin əvvəllərində 70 milyon büdcə var idi, inflyasiya da hansı həddə idi. İndi milyardlarladır. Büdcəni təqdim edərək hökumət nümayəndələri qeyd etdilər ki, dünyada baş verən qlobal iqtisadi proseslərə büdcə hazırdır və hər hansı mənfi təsir ola bilməz. Azərbaycan kosmos dövləti oldu, beynəlxalq tədbirlərə ev sahibliyi edə bildi. Bunlar İlham Əliyevin apardığı daxili sabitlik və müvəfəqqiyətli büdcə siyasətinin nəticəsidir. Bizim qarşımızda bir problem durur-Dağlıq Qarabağ”.
Dağlıq Qarabağ haqda danışan vitse-spiker ATƏT-in Minsk Qrupunun həmsədrlərini ciddi tənqid edib: “Dünən ATƏT-in həmsədrləri təxribat xarakterli bəyanat veriblər. Deyiblər ki, helikopterin düşdüyü ərazi neytral ərazidir. Həmsədrlərin təmsil etdiyi dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar. Odur ki, bu bəyanat mənazısdır, qərəzlidir”.
Nemət