“Ədliyyə Nazirliyi üçüncü dəfədir ki, bizi qeydiyyata almır, qeydiyyatla bağlı etdiyimiz müraciəti geri göndərir. Biz artıq vəkillə bu haqda məsləhətləşmələr aparırıq və yəqin ki, yaxın günlərdə məhkəməyə üz tutacağıq”.
Bunu Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib. O, bildirib ki, Ədliyyə Nazirliyi onun sədri olduğu partiyanı qeydə almaq istəmir və hər dəfə sənədlərini geri qaytarır: “Biz məcbur olub məhkəməyə üz tutacaq və bu problemin məhkəmə qaydasında həll edilməsinə çalışacağıq”.
Azad Demokratlar Partiyasının sədri əlavə edib ki, Hüquq Şəxslərin Dövlət Reysteri və Qeydiyyatı haqqında qanunda göstərilib ki, imtinaya əsas olmayan səbəblərdən sənədlər geri qaytarılırsa, bu zaman çatışmamazlıqların hamısı eyni zamanda göstərilməlidir: “Ədliyyə Nazirliyi sənədləri ikinci dəfə geri qaytaran zaman çatışmamazlıqları göstərmişdi. Bizdə nöqsanları aradan qaldıraraq yenidən nazirliyə təqdim etdik. Həmin qanunun 58.4 bəndində göstərilir ki, nöqsanlar aradan qaldırılıb nazirliyə təqdim edildikdən on gün sonra şəhadətnamə verilməlidir. Özü də bu imperativ qayda da göstərilir. Ancaq təəssüflər olsun ki, Ədliyyə Nazirliyi nizamnamədə hansısa çatışmamazlığı əsas götürərək sənədlərimizi geri qaytarıb”.
Sülhəddin Əkbər deyib ki, onların məhkəməyə üz tutmasından başqa yol qalmır: “Biz hüquqşünaslarla müzakirələr və məsləhətləşmələr aparmışıq. Hüquqlarımızı vəkil Fuad Ağayev müdafiə edəcək”.
Nemət