2 İyun 2022 13:06
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər orqanları tərəfindən ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Sabirabad rayon sakini olan bir qadın İmişli rayon polis şöbəsinə müraciət edərək özünü iş adamı kimi təqdim edən Azər adlı şəxsin ona qarşı dələduzluq etdiyini, Bakı şəhərində ev verəcəyi vədləri verərək ona məxsus ümumi dəyəri 37108 manat olan iri və xırdabuynuzlu heyvanlarını, ot bağlamalarını, qızıl-zinət əşyalarının və 4900 manat pulunu ələ keçirdiyini bildirib.

Rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən İmişli rayonu Xəlfəli kənd sakini, əvvəllər məhkum olunmuş Azər Qafarov saxlanılaraq polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı o, törətdiyi əməlləri etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, A.Qafarov qeyd edilən əməlindən başqa İmişli rayon sakini olan bir təsərrüfat sahibinin də etibarından istifadə edərək, aldatma yolu ilə ona məxsus 144 baş iribuynuzlu heyvanlarını ələ keçirib və zərərçəkmişə 120600 manat maddi ziyan vurub.

Faktlarla bağlı İmişli rayon polis şöbəsində cinayət işi açılıb.

Araşdırmalar aparılır.

Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əgər A.Qafarovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin İmişli rayon polis şöbəsinə müraciət etmələri xahiş olunur.


Müəllif: Hacı Zeynalov