Xəbər verdiyimiz kimi, ötən gün axşam saat 17:00 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Salyan şosesinin 12-ci kilometrliyində yanğın baş verməsi və bir neçə vətəndaşın təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının Xəzər dənizi sahilinə yaxın ərazidə doğranmaqda olan qurğuda baş verdiyi və həmin qurğuda olan 3 nəfər vətəndaşın həyatının təhlükədə olduğu müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb. Eyni zamanda, dalğıc-xilasedicilərin operativ müdaxiləsi sayəsində qurğuda təhlükəli vəziyyətdə qalmış 1992-ci il təvəllüdlü İsmayılov Xəyal Natiq oğlu, 1986-cı il təvəllüdlü İbrahimov Elşən Allahverdi oğlu və 1978-ci il təvəllüdlü Həmidov Murad İkram oğlu xilas olunaraq sahilə çıxarılıb.