Milli Məclisin Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Koreya Respublikası Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti ilə görüşüb.
Teleqraf.com bildirir ki, Milli Məclisin deputatı, Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov qonaqları salamlayaraq belə səfərlərin ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişafına təkan verəcəyini söyləyib. Bildiriib ki, ölkələrimiz arasında siyasi, ictimai, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq uğurla inkişaf edir.
Koreyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdən biri olduğunu deyən deputat bu ölkənin qabaqcıl şirkətlərinin Azərbaycanda səmərəli fəaliyyət göstərdiyini bildirib. Qeyd olunub ki, Koreya ilə münasibətlər gündən-günə dərinləşir və indiyədək ölkələrimiz arasında 54 sənəd imzalanıb, 7 sənəd üzərində iş davam edir. Bu sənədlər münasibətlərimizin hüquqi bazasını təşkil edir.
Parlamentlərarası əlaqələrə toxunan millət vəkili bu sahədə dostluq qruplarının sıx əməkdaşlığını xüsusi qeyd etdi. Hər iki ölkə deputatlarının qarşılıqlı səfərlərinin informasiya və təcrübə mübadiləsi baxımından rolunu vurğuladı.
Koreya Milli Assambleyası nümayəndə heyətinin rəhbəri Hvanq Younq Çeul, öz növbəsində, ölkəmizə səfərlərindən, keçirdikləri görüşlərdən məmnunluğunu ifadə etdi. Bu səfərin Azərbaycanla yaxından tanış olmalarına yaxşı imkan yaratdığını söylədi. Ölkəsinin Azərbaycanla əməkdaşlığın möhkəmləndirilməsində maraqlı olduğunu deyən qonaq, əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə inamını ifadə etdi. Hvanq Younq Çeul bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində əlaqələrin genişləndiriliməsi üçün yaxşı imkanlar olduğunu vurğuladı.
Söhbət zamanı çıxış edən deputatlar Fəttah Heydərov, Sədaqət Vəliyeva Koreya ilə müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətindən danışdılar.
Nemət