Müsavat Partyasının başqanı Arif Hacılı "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna "Azadlıq" qəzeti haqqında məhkəmə iddiasını geri götürməsi üçün müraciət edib. Bu barədə Facebook səhifəsində müraciətini yayan Arif Hacılı bildirib ki, cəmiyyətdə bu qarmaqarışıqlıq süni surətdə yaradılıb. Böyük səylər, xərclənən vəsaitlər hesabına insanlar bir-birinin qanına susayıb. Sanki, cəmiyyətdə üzdə olan hər kəs digər beləsinə qarşıdır. Hər kəs hamını, hamı da hər kəsi satqınlıqda, hakimiyyətə işləməkdə, xəyanətdə, Azərbaycana düşmən olmaqda ittiham edir. Atılan hər addım, deyilən hər söz, görülən hər iş dərhal şübhə altına alınır. Ən pisi isə odur ki,tabular götürülür.
"Din də, qanunlar da, qəbul edilib min illər qorunan ənənələr də bu tabuları müəyyən etmək, bu yolla cəmiyyətdə normal qarşılıqlı davranış qaydaları yaratmaq üçündür. Tabuların ictimai rəyə təsir imkanlarına malik olan qurumlar, güc mərkəzləri tərəfindən pozulması isə yalnız məyusluq yaratmır, bu həm də ictimai təhlükədir. Rauf Arifoğlu və "Yeni Müsavat"qəzeti ilə "Azadlıq" qəzeti, Əli Kərimli, onun tərəfdarları və yaxınları arasında qarşıdurma əndazəni aşib, qırmızı xətt keçilib",-deyə Hacılı yazır.
Başqan bildirib ki, zamanında müxalifətə qarşı istifadə olunan, nifrətlə qarşıladığımız təbliğat metodları durdurulmalıdır: "Hörmətli Əli Kərimlinin bu istiqamətdə digər çağırışlarla yanaşı mənim də bu xahişimi nəzərə alacağına, bu qovğanı dayandırmaq üçün səy göstərəcəyinə inanıram. Hörmətli Rauf Arifoğlunun "Hakimiyyət "Azadlıq" qəzetini məhkəməyə verməyimizdən bu qəzetə qarşı istifadə edəcəksə şikayətimizi geri götürəcəyik"-bəyanatını yüksək qiymətləndirməklə yanaşı əminəm ki, hakimiyyət bundan hökmən istifadə edəcək. Odur ki, Rauf bəydən "Azadlıq"qəzeti haqqında şikayət ərizəsini geri götürməsini xahiş edirəm".
"Hər kəs əmin olsun ki, müxalifət düşərgəsində bu qarmaqarışıqlıq süni surətdə yaradılıb. Demokratik düşərgənin mübarizə xəttinin biri də müxalifətin içindən keçir. Bu cəbhə xəttini ləğv etməliyik!",-Arif Hacılı belə hesab edir.
Oxşar müraciəti Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin (DEVAMM) sədri, tanınmış ilahiyyatçı Hacı İlqar İbrahimoğlu da edib. Rauf Arifoğlu modern.az-a "gələn həftə, yaxud daha sonrakı günlərdə “Azadlıq” qəzeti ilə bağlı Yasamal rayon Məhkəməsinə etdiyim müraciəti geri çəkə bilərəm. Hələ ki, bu proses baş verməyib. Qarşı tərəfin Hacı İlqar İbrahimoğlunun müraciətinə münasibətindən asılı olaraq mən də öz addımlarımı müəyyən edəcəyəm”, - deyə baş redaktor reaksiya verib.
AXCP sədrinin müavini Fuad Qərəmanlı isə yaranmış gərginliyin səbəbkarı Əli Kərimli olmadığını bildirib. Onun sözlərinə görə, Əli Kərimli bu prosesdə tərəf kimi heç vaxt iştirak etməyib. Bir dəfə də olsun Əli Kərimli Rauf Arifoğlu ilə bağlı hər hansı fikir bildirməyib. Sadəcə olaraq, Əli Kərimliyə qarşı “Yeni Müsavat” qəzeti hər gün təhqir dolu materiallar çap edir. Hətta iş o yerə çatıb ki, Xalq Cəbhəsi Partiyasının üzvləri məhkəməyə verilməklə hədələnir. Eyni zamanda, “Azadlıq” qəzeti məhkəməyə verilib. Ona görə də Hacı İlqar daha yaxşı olardı ki, bu məsələdə Rauf Arifoğlunun tutduğu mövqedən geri çəkilməsinə nail olsun.
Ayxan