İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.
Daxil olmuş məlumat əsasında İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayonun Oruclu kənd sakini Budaq Qəmbərov saxlanılıb.
Ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı böyürtkən kollarının arasında kultivasiya yolu ilə yetişdirilmiş 138 ədəd çətənə bitkisi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı İmişli rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.