1 Avqust 2023 08:55
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 28-də İmişli rayon polis şöbəsinə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən qızıl-zinət əşyaları və pul oğurlanması barədə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.

Daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq faktını törətməkdə şübhəli bilinən rayon sakini Elxan Məmmədli və bir yeniyetmə müəyyən edilərək saxlanılıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, E.Məmmədli tanışı olan yeniyetmə ilə qabaqcadan əlbir olaraq zərərçəkmişin yaşadığı ünvana qanunsuz daxil olaraq oradan dəyəri 8855 manat olan qızıl-zinət əşyaları və 190 manat pul oğurlayaraq sonuncuya 9000 manatdan çox maddi ziyan vurublar.

Oğurluq yolu ilə ələ keçirdikləri qənimətlərin əksəriyyətini dəyərindən ucuz qiymətə satan həmin şəxslər əldə etdikləri pulları öz aralarında bölüblər. Qızılların bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı İmişli rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov