Bu gün saat 12:30 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus yük qatarı Osmanlı-Mürsəlli mənzilində hərəkətdə olarkən dəmiryol keçidini keçməyə cəhd edən traktor qatarın qarşısına çıxıb.
Bu barədə Teleqraf.com-a ADY-dən məlumat verilib.
Toqquşma nəticəsində ağır xəsarət almış traktorun sürücüsü təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya aparılıb.
ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.