Bakıda qətl baş verən ailənin daha iki üzvünün öldürüldüyü məlum olub.
DİN-in Mətbuat Xidmətindən Teleqraf.com-a bildirilib ki, davam etdirilən araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədov bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı- 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirməsi müəyyən edilib.
***
18:44
Xətai rayonunda bir ailənin üç üzvünün qətli ilə nəticələnən hadisə mübahisə zəminində baş verib.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
***
17:06
Fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.