27 Yanvar 2015 18:08
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

“11 il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulub”

"Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının qəbulundan bir il keçir. Ötən dövrdə dünyada siyasi, iqtisadi və maliyyə böhranının yeni mərhələsinin başlanmasına baxmayaraq, Azərbaycanda sabitlik və inkişaf hökm sürür. Bu amilin arxasında iqtidarla xalq arasında olan birlik dayanır".


APA-nın məlumatına görə, bu sözləri Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev deyib.

Dövlət başçısı regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının da uğurla icra olunacağına əminliyini bildirib. O qeyd edib ki, ölkə üzrə bütün investisiya proqramlarının icrası, sahibkarlara verilən dəstək, quruculuq və abadlıq işləri və digər məsələlərin həlli müntəzəm xarakter daşıyacaq: "Son 11 ildə regionların inkişafı ilə bağlı əldə olunan nəticələrin kifayət qədər ciddi dayaqları var. 2004-cü ildən ümumi daxili məhsulumuz 3,4 dəfə artıb. Bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə artıb. 11 il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulub. 2004-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollar idisə, bu gün valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur. Görün biz nə qədər ehtiyat yığmışıq! Baxmayaraq ki, bizim son illərdəki investisiya proqramlarımız çox geniş miqyaslıdır. Ancaq biz ildən-ilə valyuta ehtiyatlarımızı artırmışıq. Bu, ilk növbədə bizə böyük inam verir, eyni zamanda kredit reytinqlərimizi artırır. Bununla bərabər, bu, bir sığortadır. İstənilən xoşagəlməz hadisəyə qarşı ciddi sığortadır. Bunu hər bir insan gündəlik həyatında hiss edir, çünki manatın məzənnəsi sabit olaraq qalır. Baxmayaraq ki, neftin qiyməti düşüb, böyük valyuta ehtiyatlarımız, düşünülmüş makroiqtisadi siyasət imkan verir ki, Azərbaycan vətəndaşları bu böhranı hiss etməsin".


Müəllif:

Oxşar xəbərlər