28 Yanvar 2015 13:21
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gövhər Baxşəliyeva: “Qadın və uşaqların erməni işğalından əziyyət çəkdiyini bildirdik”

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı çərçivəsində Müsəlman Qadın Parlamentarilərinin IV Forumu keçirilib. Forumda İƏT Pİ-da təmsil olan 57 ölkənin əksəriyyətindən qadın-parlamentarilər iştirak edib.

Tədbirdə azərbaycanlı qadın deputatları Milli Məclisin üzvü Gövhər Baxşəliyeva təmsil edib. Müsəlman qadın deputatlarının IV forumundan danışan G. Baxşəliyeva bildirib ki, tədbiri giriş sözü ilə açan İƏT Pİ baş katibi Mahmud Erol Kılıc müsəlman aləmində baş verən proseslər və bu proseslərdə qadınların rolu, qadınların hüquqlarının qorunması, ailə və uşaq, qadına qarşı zorakılıqla mübarizə və s aktuallıq kəsb edən məsələlərdən danışıb. Onun sözlərinə görə, bundan sonra müsəlman xanım deputatların çıxışı başlayıb: “Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi mən də öz çıxışımda Azərbaycanda dövlət səviyyəsində ailə, qadın və uşaq siyasətindən, qadın hüquqlarından, ölkəmizdə qadınların inkişafı üçün yaradılmış hərtərəfli şəraitdən bəhs etdim. Bununla belə, Azərbaycan qadınlarının böyük bir qisminin iyirmi ildən artıqdır ki, erməni işğalından əziyyət çəkdiyini, ata-baba torpaqlarını tərk etdiyini, qaçqın-köçkün vəziyyətində yaşadığını, müharibənin gətirdiyi bütün fəlakətləri üzərində yaşadığını forum iştirakçılarının nəzərinə çatdırdım və Qarabağ münaqişəsinin bütövlükdə xalqımıza gətirdiyi bəlalardan danışdım. Bu günəcən BMT-nin məlum 4 qətnaməsinin və digər beynəlxalq təşkilatların Azərbaycan torpaqlarının işğalı ilə bağlı qərarların icra olunmadığını təəssüflə qeyd etdim. Bildirdim ki, Ermənistan sadəcə, danışıqlar prosesində imitasiya taktikasını seçib, sülh istəmir. Nə üçün başqa yerlərdə qəbul edilmiş qətnamələr dərhal icra edilir, bizə gəldikdə icra edilmir məsələsinə də aydınlıq gətirdim. Bunun ədalətsiz və ikili standartlar olduğunu bildirdimr. Görünür, dünyada elə qüvvələr var ki, bu münaqişənin həll olunmasında maraqlı deyillər. Onlar maraqlıdır bu münaqişə dondurulmuş vəziyyətdə qalsın və bundan Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə etsinlər. Son illərdə müxtəlif bölgələrdə - Avropada, Yaxın və Orta Şərqdə gördüyümüz mənzərə bu yanaşmanı daha da gücləndirir”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər