Fransa prezidenti Fransua Olland növbəti dəfə Türkiyənin əleyhinə çıxış edib. Belə ki, Fransadakı Erməni Dərnəkləri Koordinasiya Komitəsinin illik yekunları ilə bağlı təşkil edilmiş şam yeməyində çıxış edən Olland bildirib ki, illərdi gərgin olan Türkiyə və Ermənistan münasibətlərində yeni başlanğıc üçün hər iki xalq tabuları yıxmalıdır.
Keçən il Türkiyə hökumətinin 1915-ci il hadisələri ilə bağlı açıqlamasını müsbət irəliləyiş hesab edən Fransa prezidenti “erməni soyqırımı” məsələsində həqiqətin üzə çıxması üçün araşdırmaların vacib olduğunu qeyd edib. Olland “soyqırım”nən yüz illiyi ilə bağlı Türkiyə hökumətindən etiraf jesti də gözlədiyini bildirib. O, həmçinin aprelin 24-də 1915-ci il hadisələrinin anım mərasımı üçün İrəvana da gedəcəyini açıqlayıb.
“Bu, fikir azadlığına qarşı çıxarılan qərardır”
Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli bildirib ki, qondarma erməni soyqırımının populyarlaşmasında və Ermənistanla Türkiyə arasında barışmaz olan münasibətlərin yaranmasında Fransanın həmişə qızışdırıcı rolu olub. Onun sözlərinə görə, İsveçrə və Fransa yeganə ölkədirlər ki, burada qondarma erməni soyqırımını inkar etməyə görə həbs və digər cəzalar tətbiq olunur: “Olland da öz səviyyəsi etibarı ilə qatı fransız millətçisidir. Üstəlik Ermənistanı özünə qardaş ölkə hesab edir. Ümumiyyətlə, fransızlar bütün dövrlərdə Cənubi Qafqazda xristian-müsəlman münasibətlərinin qızışdırılmasında hər zaman aktivlik göstəriblər. Başqa ölkənin daxili işlərinə qarışmaq, özü də məsələ haqqında yetərincə xəbərsiz olmasına baxmayaraq, belə bir bəyanat vermək böyük bir dövlətin başçısına yaraşan deyil. Qondarma erməni soyqırımını sübut etmək üçün nə əşyayi-dəlil, nə də məhkəmə qərarı var. Çünki istənilən soyqırımını tanıtmaq üçün öncə müəyyən dəlillər-video görüntülər, audio yazılar, o cümlədən faktı təsdiqləyən sənədlər olmalıdır. Bundan sonra isə məhkəmə araşdırması aparılmalıdır və buna uyğun qərar çıxarılmalıdır. Ermənilərin isə uydurduqları köç siyasətinə soyqırımı adı vermələri və bunun da fransızlar tərəfindən təkrar edilib parlamentdə xüsusi qərar çıxarmaları zənnimcə, söz, fikir azadlığına vurulan ciddi bir zərbədir. Olland öz ölkəsinin çıxardığı qərardan xəcalət çəkməlidir. Çünki bu faktiki olaraq, fikir azadlığına qarşı çıxarılan qərardır”.
Q.Hüseynli deyib ki, son dövrlər iki sivilizasiya- müsəlman və xristianlar arasındakı gərginliyin artması fonunda Fransa prezidenti tərəfindən belə bir bəyanatın verilməsi yanan ocağın üstünə benzin tökmək kimi bir şeydir: “Şəxsən sıravi bir vətəndaş kimi prezident Ollandın uzaqgörənlikdən uzaq və heç bir tarixi yükü daşımayan məsələlərə bu cür siyasiləşdirilmiş yanaşmasını qınayıram. Bu kimi bəyanatlar millətlərarası qarşılıqlı anlaşmaya xeyir gətirmir”.
“Fransa cığırı aşdı”
Politoloq əlavə edib ki, Ermənistana ən yaxın ölkə Fransadır: “Demək olar ki, Ollandın son çıxışı ilə Fransa cığırı aşdı. Ola bilsin ki, qondarma soyqırımı ilə bağlı keçirilən tədbirə əlavə 3 və ya 4 ölkə qatılacaqlarını bildirsinlər. Amma inanmıram ki, bu, kütləvi bir hal alsın. Çünki indiki şəraitdə belə bir addımın atılması sivilizasiyalararası anlaşmanı pozur və dövlətlər arasında dərin uçurum yaradır”.
“Bu məktub adi kağız parçasından başqa bir şey deyil”
Tarixçi Taleh Cəfərov deyib ki, Fransa o dövlətlərdəndir ki, qondarma erməni soyqırımını rəsmi şəkildə tanıyıb. Onun sözlərinə görə, bununla da Fransa və onun ermənipərəst prezidenti Fransua Olland dünyada ermənilərin ən yaxın dostu və hamisi olduğunu bəyan edir: “Fransa eyni zamanda dünyanın siyasi mərkəzlərindən biridir və belə bir addım atmaqla istəyir ki, dünya dövlətlərinin diqqətini bu məsələyə cəlb etsin. Burada həmçinin Türkiyə-Fransa tarixi düşmənçiliyi də mühüm rol oynayır.
Olland Türkiyə prezidentinə ünvanladığı məktubun mətnində, xüsusilə I Dünya müharibəsi zamanı dinc erməni əhalisinin türklər tərəfindən soyqırımına məruz qalması nəticəsində 1,5 milyona yaxın erməninin qətlə yetirildiyini xatırladır və cinayətə görə birbaşa cavabdeh olduğunu vurğulayır. Sözsüz ki, bu məktub adi kağız parçasından başqa bir şey deyil. Ona görə ki, Fransanın qondarma soyqırımını tanımasından sonra mövcud münasibətlərdə bir dərin soyuqlaşma baş verdi, bütün fransız malları küçələrə səpildi, boykot edildi, ikitərəfli müqavilələr donduruldu.
Və o gündən etibarən Fransa-Türkiyə münasibətləri bu fonda davam etməkdədir. Qeyd edim ki, bu məktub onsuz da mövcud soyuq münasibətləri bir qədər də dərinləşdirəcək. Fransa bu yolla cinayətkar Türkiyə obrazı yaratmağa çalışır, 100 milyard dollar təzminat tələb edir”.
“Ermənilər Türkiyəni Nürenberq məhkəməsinə versinlər”
T.Cəfərovun fikrincə, yaxşı olardı ki, yəhudilərin soyqırımına məruz qalmasında Nürenberq məhkəməsinin Almaniyanı günahkar çıxarması təcrübəsindən istifadə edilsin: “Ermənilər Türkiyəni Nürenberq məhkəməsinə versinlər və araşdırmalara başlanılsın. Onda ayırd ediləcək ki, ermənilər günahkardır, yoxsa türklər. Bu məsələdə bir məqam da ondan ibarətdir ki, bu yolla Olland Türkiyənin Avropa Birliyi ailəsinə üzv olmasındakı bütün ümidlərini alt-üst etmiş olur”.
“Fransa həmsədrlikdən çıxarılmalıdır”
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu bildirib ki, Fransa prezidentinin bu bəyanatı əslində təəccüblə qarşılanmamalıdır: “Qondarma erməni soyqırımı ilə bağlı bir çox məsələlərdə Fransa hər zaman aktivlik nümayiş etdirib. Ümumiyyətlə, Fransa ermənilərlə bağlı məsələlərdə həmişə bir tərəf olaraq çıxış edib.
Məsələnin digər tərəfi, Türkiyə ilə münasibətlər kontekstində nəzərdən keçirilməlidir. Xatırlayırsınızsa, "Cahrlie Hebdo" ilı bağlı məlum yürüş zamanı Türkiyənin baş naziri Davudoğluna göstərilən soyuq münasibət uzun müddət müzakirə predmetinə çevrilmişdi. Ümumiyyətlə, Yaxın Şərqlə bağlı bir çox məsələlərdə bu iki dövlətin münasibətləri üst-üstə düşmür və prinsipial fərqlər mövcuddur”.
V.Zifəroğlu deyib ki, Fransa sadəcə olaraq bu dəfə də Türkiyəyə qarşı hər zaman Qərbin istifadə etdiyi soyqırımı alətindən yararlanmaq niyyətindədir. Onun sözlərinə görə, ermənilər isə özlərini həmişəki kimi dəfələrlə istifadəyə yararlı bir nəsnə kimi təqdim etməkdədirlər: “Hesab edirəm ki, Fransanın bu kimi məsələlərlə bağlı mövqeyi, bizi də bir dövlət olaraq onlara münasibətdə müəyyən korrektələr etməyə vadar edir. Bu ən azından ATƏT-in Minsk qrupu çərçivəsində olmalıdır. Fransanın ermənilərlə bağlı məsələlərdə obyektiv mövqe sərgiləməsi gözlənilən deyil və bu səbəbdən də biz onların həmsədrlikdə əvəzlənməsi təklifi ilə çıxış etməliyik. Məsələn, elə Türkiyə ilə əvəzlənməsi təklifini vermək lazımdır”.
BƏXTİYAR