“Son illərdə YAP-ın sıralarına daxil olanlar arasında gənclər üstünlük təşkil edir. Gənclərin intellektual səviyyələri çox yüksəkdir. Bunu onların hazırlayıb təqdim etdikləri müxtəlif layihələrdən də görmək mümkündür. Biz gənclərimizin aktivliyini seçki proseslərində də müşahidə edirik. Təbii ki, bütün bunlar bizi sevindirir”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, bu günün gəncləri partiyanın gələcəyinin təminatçıları kimi qarşıda çox işlər görəcəklər. Onun sözlərinə görə, YAP-ın 650 mindən çox üzvü var. Onların 40 faizdən çoxunu gənclər təşkil edir: “Sevindirici haldır ki, partiya üzvlüyünə yeni qəbullarda gənclər böyük üstünlük təşkil edir. 2014-cü ildə partiyamızın sıralarına 29 min insan qoşulub ki, onların da 78 faizi gənclərdən ibarətdir. Bütün bunlar bizə gələcəyə nikbinliklə baxmağa tam əsas verir”.
Səxavət