Novella Cəfəroğlu: “Artıq Əfv Komissiyasına müraciət etmişik”
“Bu həftə əfv fərmanının olacağını gözləyirik. Ümid edirik ki, bir çox məhbus azadlığa çıxacaq. Əfv Komissiyasının üzvləri də əfvin olacağını qeyd ediblər”.
Bunu D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.
Onun sözlərinə görə, artıq Hüquq Müdafiəçilərinin Monitorinq Komitəsi özünün siyahısını Əfv Komissiyasına təqdim edib: “Əfv geniş məhbus kütləsini əhatə edəcək. Siyahımızda xəstə məhbusların adı var. Həmçinin hazırda məhkəməsi gedən şəxslərin də adı qeyd edilib. Ölkəmizdə Novruz Bayramı ərəfəsində həmişə əfv olur və bu, çox yaxşı ənənədir. Biz hüquq müdafiəçisi olaraq əfv fərmanlarını alqışlayırıq”.
Hüquq müdafiəçisi qeyd edib ki, hakimiyyət, Avropa Şurası və hüquq müdafiəçiləri arasında qurulan Birləşmiş İşçi Qrupunun toplantısında da bu məsələ müzakirə edilib. Onun sözlərinə görə, Birləşmiş İşçi Qrupu indiyə qədər ayda bir dəfə toplaşıb: “Bu toplantılarda hər cür müzakirə aparılıb, tərəfimizdən bir çox məsələlər qaldırılıb. Eləcə də, hüquq pozuntularına görə həbsə düşən şəxslərin siyahısını da Əfv Komissiyasına göndərmişik. Fikrimcə, onlar da azadlığa çıxa bilər. Həmçinin çoxlu sayda məhbuslar var ki, verilən cəzanın üçdə ikisini çəkib. Biz onların da işini Əfv Komissiyasına təqdim etmişik. Bir daha qeyd edim ki, bizə çoxlu sayda müraciətlər olub, biz də bunu Birləşmiş İşçi Qrupu formatında müzakirə etmişik”.
Novella Cəfəroğlu Birləşmiş İşçi Qrupunun mart ayında toplaşmaması haqqında yayılan xəbərləri də şərh edib: “Məsələ belədir ki, İşçi Qrupuna daxil olan şəxslərin çoxu ezamiyyətdə olub. Səməd Seyidov Parisə gedib. Bundan öncə Amerikada səfərdə olub. Fuad Ələsgərov və ya Azay Quliyev də ezamiyyətdədir. Bu səbəblərdən İşçi Qrupunun tam tərkibdə toplanması alınmadı. Buna baxmayaraq bizim sənədlərimizi katiblik Əfv Komissiyasına təqdim edib. Hazırda əfv fərmanını gözləyirik”.
NEMƏT