"Azərbaycanda idman, gənclər sahəsində həyata keçirilən islahatlar sürətlə gedir. Bu gün elə bir regionumuz yoxdur ki, orada Olimpiya Kompleksi olmasın".
Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin plenar iclasında deputat Fuad Muradov "Bədən tərbiyəsi və idman haqqında" qanuna dəyişikliklər barədə layihəyə münasibət bildirərkən deyib . O bildirib ki, regionda fəaliyyət göstərən olimpiya komplekslərində bir çox problem də mövcuddur.
F.Muradovun fikrincə, gələcəkdə həmin komplekslərin büdcədən maliyyələşməsi məsələsinə baxılmalıdır: "Orada olan şərait imkan verir ki, biz həmin yerlərdə regional səviyyədə tədbirlər həyata keçirək. Ancaq buna görə büdcə lazımdır".
Millət vəkili sözügedən qanun layihəsinin 41.4 maddəsində nəzərdə tutulan kütləvi yerlərdə keçirilən idman tədbirlərinə qadağalar qoyulması məsələsinə də münasibət bildirib. Deputat qeyd edib ki, maddədə siqaret çəkmək, alkoqollu içkilərə qadağa qoyulması məsələsi öz əksini tapıb: "Mən bilirəm ki, bir çox qanunlarımızda siqaretlə bağlı məhdudiyyətlər var. Çox yaxşı olardı ki, biz bunları bir araya yığıb siqaretin qadağası ilə bağlı qanun qəbul edək. Bu gün gənc nəslə siqaretlə bağlı təsir edən çox ciddi problemlər var. Biz öz məsuliyyətimizi dərk edərək gələn həftədən gənclər təşkilatları ilə birlikdə siqaret əleyhinə böyük bir kampaniyaya başlayacağıq. Düşünürəm ki, Milli Məclis də bundan kənarda qalmamalıdır".
BƏXTİYAR