3 İyun 2015 17:52
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 2-dək 5-dək Uelsdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Koreya hökuməti və Uels hökumətinin dəstəyi ilə “İnterAction” Şurasının 32-ci illik toplantısı keçirilir. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Toplantıda əsas müzakirə mövzusu Rusiya və Qərb münasibətləri, o cümlədən Ukrayna böhranının həlli məsələsidir. Toplantı çərcivəsində, 2016-cı ildə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunacaq IV Qlobal Bakı Forumuna hazırlıq və “İnterAction” Şurasının 33-cü illik toplantısına ev sahibliyi müzakirə olunub.

Toplantının işində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti Vaira Vike-Frayberqa, mərkəzin üzvləri – Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko, Kolumbiyanın sabiq prezidenti Andres Pastrana, eləcə də Argentina, Meksika, Yunanistan, Kolumbiyanın sabiq prezidentləri və Kanada, Yeni Zellandiya, İordaniya, Rusiya, İrlandiya, İngiltərənin sabiq baş nazirləri iştirak edir.

Qeyd edək ki, “İnterAction” Şurası sabiq prezident və baş nazirləri birləşdirən nüfuzlu beynəlxalq təşkilatdır. 1983-cü ildə yaradılmış qurumun əsas məqsədi bəşəriyyəti narahat edən siyasi, iqtisadi və sosial məsələlərin həllində təcrübəsini, enerjisini və beynəlxalq əlaqələrini səfərbər etmək üçün sabiq liderləri bir araya gətirməkdir. Qurumun 30-dan çox üzvü var və onlar hər il toplaşaraq qlobal problemlərin həlli üçün tövsiyələr işləyib hazırlayırlar. Şuranın üzvləri sırasında dünya siyasətinin ən tanınmış simaları Helmut Şmit (Almaniyanın kansleri, 1974-1982), Jan Kretyen (Kanadanın baş naziri, 1993-2003), Franz Vranitzki (Avstriyanın kansleri, 1986-1997), Bill Klinton (ABŞ prezidenti, 1993-2001), Valeri Jiskar d`Esten (Fransanın prezidenti, 1974-1981), Alain Juppe (Fransanın baş naziri, 1995-1997), Məhəmməd Hatəmi (İran prezidenti, 1997-2005) və digər tanınmış siyasətçilər var.

“İnterAction” Şurası ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşlığı bu ilin aprel ayında Bakıda keçirilən III Qlobal Bakı Forumu çərçivəsində başlayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər