Asim Mollazadə: “Onlar Azərbaycanın Avropanın enerji təhlükəsizliyində vacib rol oynamasından narahatdırlar”
I Avropa Oyunları ərəfəsində və Oyunların keçirildiyi bir vaxtda Azərbaycana qarşı təzyiqlər durmadan davam edir. Qərb dövlətlərinin bəzilərinin yer aldığı “cəbhə”də daha çox fəallıq Almaniyanın üzərinə düşür.
Məsələyə münasibət bildirən millət vəkili Asim Mollazadə deyib ki, Almaniya Azərbaycana qarşı ideoloji müharibə aparır. Onun sözlərinə görə, Azərbaycan ilk dəfə belə kampaniya ilə “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi zamanı qarşılaşıb: “Hazırda Azərbaycanda Avropa Oyunları uğurla keçirilir, bütün dünyada milyonlarla insan Azərbaycanın uğurunu görür, ölkənin dəyərləri və mədəniyyəti ilə tanış olur, böyük Avropa gənclərin idman bayramını görür. Şübhəsiz ki, bu, müasir, uğurlu Azərbaycanın müstəqilliyini görmək istəməyən qüvvələri qıcıqlandırır”.
A.Mollazadə bildirib ki, Almaniyada müəyyən dairələr, erməni diasporu təşkilatları, sənaye qrupları ilə bağlı kifayət qədər böyük siyasətçilər qrupu və media nümayəndələri Azərbaycanın əleyhinə çıxış edirlər: “Onlar Azərbaycanın Avropanın enerji təhlükəsizliyində çox vacib rol oynamasından narahatdırlar”.
Deputat əlavə edib ki, Azərbaycan hazırda multikulturalizm və müxtəlif din, etnik qrupların əməkdaşlıq mərkəzinə çevrilir və əlbəttə ki, ölkənin hər bir uğuru həmin dairələri hərəkətə gətirir. A.Mollazadənin sözlərinə görə, bu qruplar üçün demokratiya, insan haqları məsələləri əsas təzyiq metodudur: “Bu yaxınlarda Yerevanda ATƏT-in Minsk qrupunun Fransadan olan keçmiş həmsədri Jak For bəyan etmişdi ki, ”Azərbaycana qarşı təzyiq metodlarımız yoxdur". Məgər siz Azərbaycana təzyiq etməlisiniz?! Azərbaycan Ermənistan torpaqlarını işğal etməyib, əksinə olub".
Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycana təzyiq etmək istəyi insan haqları və demokratiya məsələlərində ifadə edilir: “Ermənistanda mitinqin dağıdılması zamanı jurnalistlər döyülüb və həbs edilib. Azərbaycana qarşı ideoloji müharibənin iştirakçılarından heç biri buna öz etirazını bildirməyib.
Azərbaycana qarşı bütün bu təzyiq faktları hazırda Bakıda keçirilən ilk Avropa Oyunlarının uğurunun təsdiqidir. Bu Oyunlar Azərbaycana dünyada populyarlıq qazandıracaq".
“Avropa bu gün Almaniyanın təsiri altındadır”
Millət vəkili Fəzail Ağamalı isə qeyd edib ki, Almaniya Avropa İttifaqında hegemon rolu daşımaqdadır. Onun sözlərinə görə, Almaniya keçən əsrdən başlayaraq Avropada hegemonluq uğrunda mübarizəni ən müxtəlif səviyyələrdə ortalığa qoyub: “Hətta hegemonluğu təmin etmək üçün müharibə amillərindən istifadə edib. Həm 1-ci, həm də 2-ci Dünya müharibələrində Almaniyanın məqsədi Avropaya tam hakim olmaq, eyni zamanda, dünyanı nəzarətində saxlamaq idi. İki müharibədə uduzdu, ona görə də Almaniya başqa bir formada Avropada öz üstünlüyünü təmin etmək üçün Avropa İttifaqı deyilən bir qurumun yaradılmasının təşəbbüskarı oldu və buna nail oldu. Demək olar ki, artıq bu gün Almaniya Avropa İttifaqında hegemon rolu daşımaqdadır”.
Deputat qeyd edib ki, Aİ-də iki dövlət - Almaniya və Fransa aparıcı dövlətlərdir: “Amma onlardan Almaniya daha üstündür. Buna da müəyyən dərəcədə Böyük Britaniya müqavimət göstərir. O da Avropa İttifaqına öz maraqları çərçivəsində, içərisinə girmədən, onlarla əməkdaşlıq etmək şərtilə bir qədər fərqli münasibət göstərən ölkədir. Ancaq faktiki olaraq, Avropa bu gün Almaniyanın təsiri altındadır”.
F.Ağamalının sözlərinə görə, Almaniya öz iqtisadiyyatı ilə 2 dövlət - Fransa və Böyük Britaniya istisna olmaqla, digər dövlətlər üzərində demək olar ki, tam ciddi təsir imkanlarına malikdir: “Bu, Almaniyanın 100 ildən bəri qarşısına qoyduğu strategiyanın tərkib hissəsidir”.
“Azərbaycan bunu heç vaxt etməyəcək”
Politoloq Fikrət Sadıxovun sözlərinə görə, Almaniya Avropanın aparıcı dövləti kimi başa düşür ki, Azərbaycanın nüfuzu regionda kifayət qədər yüksəkdir. O qeyd edib ki, bizim enerji layihələrində və digər məsələlərdə rolumuz Almaniya üçün əhəmiyyətlidir: “Eyni zamanda, tək Almaniya deyil, bir sıra Avropa dövlətləri çox istəyərdi ki, Azərbaycan ”sözəbaxan" bir ölkəyə çevrilsin. Yəni, müəyyən ssenarilərlə yaşasın, onların başa düşdüyü demokratik çərçivəyə özünü salsın. Lakin Azərbaycan müstəqillik nümayiş etdirir. Öz xarici siyasətində heç kəsdən asılı deyil. O cümlədən heç kimdən kömək istəmir, sadəcə olaraq, bizim prioritetimiz ondan ibarətdir ki, bu çərçivədə öz problemlərimizi, xüsusilə, Dağlıq Qarabağ məsələsini həll edək və xarici siyasətimizi həyata keçirək. Eyni zamanda, bunları digər məsələ də qıcıqlandırır. Onlar istəməzdilər ki, Rusiya ilə münasibətlərimizdə inkişaf olsun və belə başa düşürəm ki, bunu çox narazılıqla qəbul edirlər. Amma bu, heç də o demək deyil ki, Rusiya ilə müttəfiq dövlət oluruq. Sadəcə, Azərbaycan çoxvektorlu siyasət həyata keçirərək, ilk növbədə öz milli maraqlarını nəzərdə tutur. Bizim milli maraqlarımız ondan ibarətdir ki, bir sıra aparıcı dövlətlərlə münasibətlərimizi yaxşılaşdıraq, inkişaf etdirək və eyni zamanda, milli maraqlarımıza uyğun müstəqil siyasi kursumuzu həyata keçirək".
F.Sadıxov qeyd edib ki, indiki situasiyada maraqlı bir vəziyyət yaranıb və Avropa Azərbaycandan imtina etmir: “Nəinki imtina etmir, hətta çox fəal şəkildə bir sıra enerji layihələrində iştirak da edir. Çünki sirr deyil ki, Azərbaycan müəyyən mənada Avropanın enerji təhlükəsizliyini təmin edən dövlətlərdən biridir. Amma, eyni zamanda, onlar bizim xarici siyasətimiz korrektə etmək məqsədindən əl çəkmirlər. Bu, ondan ibarətdir ki, bizim Rusiya ilə münasibətlərimiz korlansın, Avropa Birliyi ilə assosiativ saziş imzalayaq, onların standartları ilə durub-oturaq. Mənə elə gəlir ki, Azərbaycan bunu heç vaxt etməyəcək. Belə bir formatda bizi qəbul edirlərsə, etsinlər. Çünki Azərbaycan bunu dəfələrlə deyib və münasibətlərimizi Avropa ilə pisləşdirməyə yönəltməmişik və bu fikirdə də deyilik. Amma Azərbaycan hansısa diktəni və şərti də qəbul etmək fikrində deyil. Avropa bunu yaxşı başa düşür. Onlar bundan nəticə çıxarırlarsa, onda biz öz partnyorluq münasibətlərimizi bundan sonra da davam etdirməyə hazırıq”.
BƏXTİYAR