22 İyul 2015 15:31
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun katibi Bob Blekmen “Chatham House” - Kral Beynəlxalq Münasibətlər İnstitutu tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyanın Londona dəvət edilməsi və məsələyə dair institutun rəsmi izahatla çıxış etməsi ilə əlaqədar Britaniya parlamentində rəsmi müzakirələrin keçirilməsi üçün EDM (Early Day Motion) təklifi ilə çıxış edib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Teleqraf.com-a verilən məlumata görə, sənəd parlamentin Leyborist Partiyasından olan üzvləri Rocer Qodsiff və Alan Meal tərəfindən dəstəklənərək imzalanmaq üçün millət vəkillərinə təqdim olunub.

Sənəddə deyilir: "Parlamentin İcmalar Palatası Kral Beynəlxalq Münasibətlər İnstitutu tərəfindən özünü tanınmamış "Dağlıq Qarabağ respublikasının prezidenti" elan etmiş şəxsin “Chatham House”da çıxış etməsi üçün dəvət edilməsindən narahatlığını bildirir və Kral Beynəlxalq Münasibətlər İnstitutunu rəsmi şəkildə üzr istəməyə çağırır" (http://www.parliament.uk/edm/2015-16/328).

Qeyd edək ki, B.Blekmen Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının üzvüdür.


Müəllif:

Oxşar xəbərlər