Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttinin Türkiyənin Qars vilayətindən keçən hissəsində partlayış baş verib.
Qars valisi Günay Özdəmir hadisə ilə bağlı araşdırmaların davam etdiyini, bölgəyə mavi yanacaq nəqlinin dayandırıldığını bildirib. Onun sözlərinə görə, hadisə Sarıqamış rayonunda qeydə alınıb. Meşə sahəsində baş verən partlayışın səbəbi araşdırılır. Yanğının meşəyə keçməsinin qarşısı alınıb. Şahidlərin bildirdiyinə görə, partlayışın səsi 20 km uzaqlıqdan eşidilib.
“Partlayış Azərbaycana zərər vurmayıb”
Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttinin Türkiyədən keçən hissəsində baş verən partlayışın səbəbləri araşdırılır. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib. Onun sözlərinə görə, baş vermiş partlayış Azərbaycan tərəfinə zərər vurmayıb. “Qaz kəmərinin partlayışın baş verdiyi hissəsinin mühafizə işini Türkiyə tərəfi, Botaş şirkəti həyata keçirir. Botaş şirkəti ilə daimi əlaqələrimiz var. Qeyd edim ki, xoşbəxtlikdən qrafikə uyğun olaraq cari təmir işləri ilə əlaqədar dünən axşamdan, yəni partlayış baş verməmişdən 8-9 saat əvvəldən Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Türkiyəyə qədər olan hissəsinə qaz verilməyib. Buna görə də Azərbaycan tərəfinə ziyan dəyməyib. Hazırda partlayışın səbəbləri araşdırılır. Bununla bağlı əlavə xəbər olanda bu barədə ətraflı məlumat veriləcək”, - deyə N.Quliyev vurğulayıb.
“Qaz kəmərini PKK partladıb”
“Bakı-Tiflis-Ərzurum təbii qaz kəmərində partlayış PKK-nın hücumu nəticəsində baş verib”.
Türkiyə mətbuatı xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Taner Yıldız bəyan edib: “Terror təşkilatı xalqımızın dinc və rifah halına qəsd etdiyini bir daha göstərdi. Bu gecə saat 01:15-də Bakı-Tiflis-Ərzurum (Şahdəniz) təbii qaz boru xəttinin Sarıqamış Yağbasan kəndindəki hissəsinə terror təşkilatının etdiyi hücum qaz nəqlinin dayanmasına səbəb olub. Bunlar əllərindən gəlsə, təkcə Çuxurcada yaşayan qardaşlarımızı deyil, Nişantaşındakı vətəndaşlarımızı da elektriksiz və təbii qazsız qoymaq fikrindədirlər”.
Qarsda təhlükəsizlik tədbirləri gücləndirilib
Azərbaycanın Qarsdakı baş konsulluğunun fəaliyyətində heç bir dəyişiklik yoxdur. Son günlər Türkiyənin cənub-qərb və qərb regionlarında PKK terror təşkilatının fəallaşması ilə əlaqədar Qars şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib. Bu barədə isə Azərbaycanın Qarsdakı baş konsulluğundan məlumat verilib.
Məlumata əsasən, ölkədə vəziyyətin gərginləşməsinə baxmayaraq, Azərbaycanın diplomatik nümayəndəliyinin fəaliyyətində heç bir dəyişiklik yoxdur, iş əvvəlki qaydada davam edir: “Lakin baş konsulluğun binası vəziyyətin gərginləşdiyi ərazilərə yaxın olduğundan, binanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Bu ərazidə həmçinin Qars valiliyinin binası və digər qurumların inzibati binaları da yerləşir”.
Qeyd edək ki, son günlər PKK terror təşkilatı Türkiyənin cənub-qərb və qərb rayonlarında bir sıra terror aktları törədib. Ötən həftənin şənbə günü isə Türkiyədən Naxçıvana hərəkət edən və içərisində bir neçə Azərbaycan vətəndaşının olduğu avtobus hücuma məruz qalıb.
Baş verənləri qiymətləndirən Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri bildirib ki, uzun illərdir ki, PKK terror qruplaşması Türkiyənin təhlükəsizliyinə təhdid törədir. Son aylarda isə bu sıraya İŞİD də əlavə olunub: “Əvvəllər İŞİD Türkiyəyə toxunmurdu və qardaş ölkədə İŞİD-in terror aktları olmamışdı. Ancaq artıq İŞİD və onun ipini çəkən güclər bu terror qruplaşmasının Türkiyəni də vurmasını istəyib. Ona görə də Türkiyə hərəkətə keçmək məcburiyyətində qaldı. Bu mənada dünənədək Türkiyə öz dövlət maraqlarına uyğun olaraq İŞİD-in bu hərəkətlərindən müəyyən dərəcədə istifadə edə bilirdi. Hətta, İŞİD-ə qoşulmaq üçün Türkiyə ərazisindən istifadə etmək istəyənlərə belə müəyyən mənada göz yumurdu. Ancaq bu gün vəziyyət fərqlidir. Çünki İŞİD artıq Türkiyədə vəziyyəti qarışdırmaq, sabitliyi pozmaq, qardaş ölkədə daxili savaş salmaq, eyni zamanda, dövlətlə kürd toplumu arasında yeni bir qarşıdurmanın yaranması üçün konkret bir sifariş yerinə yetirməyə başlayıb. Türkiyə də bunu anladı və bununla bağlı konkret qərar verdi. Bu günədək yüzlərlə həbs həyata keçirilib, buna parallel olaraq bütün lojistik mərkəzlər, eyni zamanda, onları maliyyələşdirən qruplar zərərsizləşdirilir”.
N.Miri qeyd edib ki, Türkiyənin hərəkətə keçməsi təkcə İŞİD-lə bağlı deyil. Bu, həm də PKK və digər qruplaşmalarla bağlıdır: “Çünki məhz İŞİD terrorundan istifadə edən PKK terrorçuları və onun uzantıları Türkiyədə yenidən terror küləyi əsdirməyə başladılar. Amma mən əminəm ki, Türkiyə dövləti bütün bu qruplaşmalara əvvəl olduğu kimi bu dəfə də öz yerini göstərə biləcək”.
Səxavət HƏMİD