Marqarita Timoftiyə “Dədə Qorqud” Beynəlxalq Fondunun mükafatı təqdim edilib
Kişineuda səfərdə olan “Dədə Qorqud” Beynəlxalq Fondunun rəhbəri Eldar İsmayılov Azərbaycanın Moldovadakı səfirliyində bu ölkənin birinci xanımı Marqarita Timoftiyə “Mehriban ana” ordenini təqdim edib və ona Moldova və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafında verdiyi böyük töhfəsinə görə minnətdarlığını bildirib.
Azərbaycanın Kişineudakı səfirliyindən verilən məlumata görə, mükafatlandırma mərasimini səfir Namiq Əliyev açıb. Marqarita Timoftinin xeyriyyə fəaliyyətindən, onun ikitərəfli münasibətlərə şəxsi töhfəsindən söhbət açan diplomat vurğulayıb ki, bu yüksək mükafatın əsasında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Marqarita Timoftiyə şəxsi münasibəti, Azərbaycan Prezidenti İlham Əliyevin moldavan xalqına və onun prezidentinə səmimi münasibəti durur.
Moldovanın birinci xanımı bu böyük şərəfə layiq görüldüyü üçün təşəkkür edib. O, ikitərəfli münasibətlərin gələcəkdə möhkəmlənməsinə, dövlətlərimizin ərazi bütövlüyünü pozan münaqişələrin dinc yolla nizama salınmasına, habelə iki dost ölkənin xalqlarının tərəqqisinə əminliyini bildirib.
Mərasimdə Moldova Prezidenti Administrasiyasının baş katibi İon Paduraru, Moldova Azərbaycanlıları Konqresinin prezidenti Vüqar Novruzov və başqaları iştirak ediblər.
Eldar İsmayılov Novotroitsk monastırında Faleşt və Şərqi Moldova yepiskopu Filaretə “Qızıl ürək” ordenini də təqdim edib. Yepiskopa mükafat sülhün möhkəmlənməsinə, habelə Moldova-Azərbaycan və Ukrayna-Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfəyə və Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyinə görə verilib.
Səxavət