“ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsi mövqeyində dəyişiklik var. Bu dəyişiklik Azərbaycanın, beynəlxalq hüququn və obyektivliyin xeyrinə, Ermənistan işğalçılığının isə əleyhinə idi. Ceyms Uorlik yenilənmiş “Madrid prinsipləri”nin obyektiv açıqlamasını verdi. Dağlıq Qarabağ ətrafındakı əraziləri işğal olunmuş ərazilər adlandırdı”. Bu fikirləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu bildirib ki, Vyanada ATƏT-in Minsk Qrupunun üzvləri ilə görüşdən sonra Bakıya gələn C.Uorlik Bakıda hərtəfərli davamlı sülh müqaviləsinin hazırlanmasından deyil, Helsinki yekun aktının 3 prinsipi əsasında tənzimlənmədən danışdı: “Helsinki yekun aktının üç prinsipi barədə sənədin imzalanması ermənilərin maraqlarına cavab verir. Ermənilər bu sənəddən istifadə edib tənzimlənmə prosesinin başlandığını sübut edəcək və özlərinə investisiya cəlb edəcəklər. ABŞ-ın qısa müddət ərzində mövqeyinin belə dəyişməsinin səbəbi dəqiq bəllidir.
Bu ərəfədə ABŞ Dövlət Departamentinin üç vacib bürosu ABŞ-dakı ermənilərin xahişi ilə onları qəbul etdi, Yaxın Şərqdəki ermənilərin vəziyyətini müzakirə etdilər. Hər halda Dağlıq Qarabağ münaqişəsinin ən ədalətli tənzimləyicisi Azərbaycan ordusudur. Çox təəssüf ki, ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsindəki aktivliyi qısa müddət davam etdi. Azərbaycan reallıqları ABŞ-ı yenidən obyektiv mövqeyə qayıtmağa vadar edəcək”.
Səxavət