20 Avqust 2015 13:59
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərdar Cəlaloğlu: "125-lər"ə görə ADP ilə Ümid seçkiyə birgə getmir"

Ümid Partiyası ilə "Qarabağ" blokunda təmsil olunan Azərbaycan Demokrat Partiyası (ADP) noyabrın 1-də keçiriləcək parlament seçkilərinə təkbaşına gedəcək.

Bu barədə ADP sədri Sərdar Cəlaloğlu deyib. O, uzun müzakirələrdən sonra son qərarı dünən verdiklərini söyləyib: "Blok şəklində seçkiyə getmək variantlarının hamısını müzakirə etdik. Həmçinin müzakirə variantları içərisində "Qarabağ" bloku çərçivəsində seçkiyə qatılmaq da vardı. Amma yekun qərarımıza görə, ADP seçkidə partiya kimi iştirak edəcək".

"ADP ilə Ümid seçkilərə ayrı-ayrılıqda qatılacaq"

ADP sədri Ümid Partiyası ilə yollarının ayrılması səbəbinə aydınlıq gətirib: "Məlum oldu ki, Ümid Partiyası 2 ilə yaxındır "125-lər" siyasi klubu adı altında layihə həyata keçirir və özü də həmin layihənin içərisində aktiv iştirak edir. Layihəyə görə, QHT nümayəndələri ilə Ümid Partiyası koalisiya yaratmışdı və seçkilərdə bir yerdə iştirak etmək istəyirdi. Biz bunu nəzərə alaraq onların maraqlarına mane olmamaq üçün ayrılıqda seçkiyə getmək haqqında qərar qəbul etdik. Elə ADP ilə Ümidin bir blokda seçkiyə getməsi də "125-lər" klubuna görə gündəmdən çıxdı. Heç bir partiya üzvü olmayan bitərəflərlə Ümid üzvlərinin birgə layihəsinə görə ADP ilə Ümidin seçkilərə birgə getməsi alınmadı. Keçmişdə olan şeyləri gündəmə gətirmək siyasi intriqa yaradar. Artıq apardığımız müzakirələr arxada qaldı. Reallıq budur ki, ADP ilə Ümid seçkilərə ayrı-ayrılıqda qatılacaq".


S.Cəlaloğlu əlavə edib ki, "125-lər" klubunun namizədləri artıq öz dairələrini elan etdiyi üçün birgə blok məsələsi fiaskoya uğrayıb: "Çünki artıq həmin klub dairələrini açıqlamışdı, blokla birgə seçkidə iştirak mümkün olsaydı, bu məsələlərə yenidən baxılmalı idi. Bu da artıq siyasi cəhətdən qeyri-etik olardı. Çünki mətbuata müəyyən məlumatlar verilib, dairələr müəyyənləşdirilib. Bu məsələlərin yenidən gündəmə gəlməməsi üçün ayrı-ayrılıqda getməyə razılaşdıq. Onlar seçkiyə öz siyahısı, biz də müəyyən etdiyimiz siyahı ilə gedəcəyik".

"125-lər" ideyasını vaxtilə Əli Kərimli də təkid edirdi

ADP sədri "125-lər" layihəsi ilə bağlı ətraflı məlumatının olmadığını söyləyib: "Ümid Partiyasının sədri İqbal Ağazadənin dəvəti ilə bir-iki dəfə "125-lər"in tədbirində iştirak etmişəm, onların fikirləri mənə aydın olmayıb. Bilməmişəm, bu adamlar kimdir, neçə nəfərdirlər. "Qarabağ" blokundan kənarda olan bir layihə idi. Mən də siyasi etika baxımından mənə aidiyyatı olmayan məsələ ilə maraqlanmağı sevən adam deyiləm. Ümumi şəkildə İqbal Ağazadənin belə fikri vardı ki, siyasətdə yalnız siyasi partiyaların iştirakı effektli deyil. Bu ideyanı vaxtilə Əli Kərimli də təkidlə deyirdi. Xüsusən, Yaxın Şərqin təcrübəsi əsasında qeyri-hökumət təşkilatları ilə siyasi partiyaların bir koalisiyada olması təklifi irəli sürülürdü. Milli Şura da bunun klassik nümunələrindən biri idi. Şəxsən mən özüm birmənalı şəkildə bunu demokratiyaya zidd sayıram. Çünki demokratiyada vəzifələrin bölgüsü, səlahiyyətlərin müəyyənləşməsi çox vacibdir. Siyasi partiya ilə QHT bir yerdə olanda siyasi fəaliyyətlə ictimai hərəkatın fəaliyyəti bir-birinə qarışır. Ona görə də həmişə bunun əleyhinə olmuşam. Yəqin elə bu səbəbdən İqbal bəy bizi "125-lər" layihəsinə dəvət etməyib. İndi də o fikirdəyəm ki, QHT nümayəndələri ilə siyasi partiyaların bir yerdə olması demokratiya baxımdan düzgün deyil".

"Ümidlə birgə üçüncü partiyanın iştirakı ilə blok ideyası da alınmadı"

O, Ümid, AMİP və ADP-nin seçkidə birgə iştirakla bağlı apardığı danışıqlara da toxunub: "Ümid Partiyası ilə birgə üçüncü partiyanın iştirakı ilə blok yaratmaq məsələsinə baxdıq. Amma o variant da alınmadı. Bu barədə geniş danışmaq istəməzdim".

"Ümid "Qarabağ" blokunu buraxmağı məsləhət görsə, buraxacağıq"

"Qarabağ" blokunun fəaliyyətinin davam edib-etməyəcəyinə gəlincə, S.Cəlaloğlu qeyd edib ki, bir dəfə "Qarabağ" bloku seçki blokuna çevrilib: "Sonrakı seçkilərdə bu təcrübəni həyata keçirə bilmədik. Əgər Ümid Partiyası seçkidən sonra "Qarabağ" blokunu buraxmağı məsləhət görsə, buraxacağıq. Artıq namizədlərimizi və dairələrimizi müəyyənləşdirmişik. Seçki komissiyalarının yaradılması ilə bağlı müvafiq işlər aparırıq və qrafikə uyğun seçkidə nəzərdə tutulan bütün addımları atacağıq. Təxminən 30-35 nəfər namizəd irəli sürmək istəyirik. Ola bilsin seçkidə iştirak etmək istəyənlərin çərçivəsi genişlənsin".

"Azadlıq-2015" blokuna yenidən qayıtmayacağıq"

S.Cəlaloğlu ADP-nin 8 partiyanın iştirakı ilə yaradılan "Azadlıq-2015" blokuna yenidən qayıdacaqlarını düşünmədiyini deyib: "Blokda kifayət qədər tanınmış partiya və nümayəndələr var. Bizim oraya qoşulmağımız oradakı dəngəni yenidən dəyişdirə bilər. Seçkiyə az qalıb, orada hər şeyə təzədən baxmaq ümumi işə mane olar. Ona görə də belə bir şeyə ehtiyac yoxdur".

"İndidən namizədlərin uzlaşması müxalifətin əleyhinə işləyəcək"

ADP sədri digər müxalif partiyalarla dairələr üzrə namizədlərin uzlaşdırılıb-uzlaşdırılmamasına da münasibət bildirib: "Bir dairədən 2-3 partiyadan namizəd qeydə alınacaqsa, o zaman partiyalar öz aralarında uzlaşa bilərsə, təbii ki, bir müxalif namizədin qalması məqsədəmüvafiq olar. İndidən desək, filan dairədən ancaq Müsavatdan bir nəfər getsin, o da gedib imza toplamazsa, yaxud onu qeydiyyata almazlarsa, onda həmin dairə bütünlükdə müxalifətsiz qalacaq. Ona görə də imzatoplama kampaniyasında hamı alternativli iştirak etməlidir. Qeydiyyatdan sonra baxmalıyıq ki, hansı dairədə müxalifətin namizədi güclüdür, onu xeyrinə öz namizədimizi geri çəkək. Başqa dairədə də həmin partiya bizim namizədin mənafeyi üçün öz namizədini geri çəkməlidir. İndidən namizədlərin uzlaşması müxalifətin əleyhinə işləyəcək".

"Qanun seçkini boykota imkan vermir"

O, boykot çağırışlarını da şərh edib. S.Cəlaloğlunun sözlərinə görə, "Siyasi partiyalar haqqında" qanun vətəndaşları seçkidən çəkindirməyi qadağan edir: "Ona görə də aktiv boykot aparmaq qeyri-qanunidir. Bunu heç bir partiya edə bilməz. Partiyalar seçkidə iştirak etməməklə bağlı qərar qəbul edə bilər. Bu da siyasi qərar olacaq. Situasiyanı nəzərə alaraq partiyanın seçkidə iştirak etməməsi tamamilə normal haldır. Qanun seçkilərdə iştirakı zərurət kimi müəyyən etməyib. Siyasi partiyaların seçkidə iştirakı könüllüdür. Qanun isə boykota imkan vermir”.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər