"Türkiyə hakimiyyəti bu qaz kəmərini qoruya bilmir"
Bir neçə gün əvvəl PKK terrorçuları tərəfindən Bakı-Tbilisi-Ərzurum qaz boru xətti partladıldı. Artıq ikinci dəfə hədəfə çevrilən boru kəmərinin niyə və hansı səbəbdən partladılması haqlı suallar doğurur. Bu terkatı həyata keçirən PKK-nın arxasında hansısa maraqlı qüvvələr dayanması da mümkündür. Çünki Türkiyəyə bu qaz xəttindən başqa İran və Şimali İraqdan neft və qaz kəmərləri daxil olur. Belə olan halda Bakı-Tiflis-Ərzurum qaz boru xəttinin ikinci hədəf alınması xüsusi diqqət çəkən məsələyə çevrilir. Bu qaz xətti niyə hədəf seçilir?
Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli deyib ki, PKK terror qruplaşması məhz bu vasitə ilə Türkiyəyə təzyiq etmək istəyir. Onun sözlərinə görə, bu həm də regiondakı dövlətlərə bir mesajdır: "Terrorçular hətta minik avtomobillərinə qarşı hücumları və digər addımları zamanı əhaliyə bu tip mesajlar vermək istəyirlər. Bundan başqa, kəmərin partladılmamasının digər səbəblərindən biri də məhz həmin bölgədə Türkiyə hakimiyyətinin zəifliyidir. Türkiyə hakimiyyət demək olar ki, bu qaz kəmərini qoruya bilmir. Məsələn, Bakı-Tbilisi-Ceyhan neft kəməri BP şirkəti və Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən qorunur. Bu şirkət kəməri həm süni peyk, həm də müasir texniki avadanlıqlar vasitəsilə mühafizə edir. Amma Türkiyə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin mühafizəsi üçün nə silahlı əsgərlərin ayrılmasına, nə də xüsusi avadanlıqların alınmasına əlavə xərc çəkmək istəmir. Terrorçular belə obyektləri seçirlərsə, hökumət də bunu qorumağı bacarmalıdır. Əgər qaz kəməri lazımi səviyyədə qorunsa və hər hansı terror hadisəsinin qarşısı alınsa, bir də belə hadisə təkrarlanmaz".
İrandan və İraqdan Türkiyəyə daxil olan kəmərlərdə partlayışların olmaması məsələsinə toxunan Q.Hüseynli zənn edir ki, PKK ilə İran arasında bir anlaşma var: "Ona görə də PKK İranla münasibətləri qoruyub saxlamağa çalışır. Həm də həmin bölgədə Bərzaninin avtoriteti var və PKK silahlılarına nəzarət həyata keçirə bilir. Çünki Bərzaninin özü də həmin neft kəmərlərindən gələn dotasiyadan külli miqdarda gəlir əldə edir.
Bakı-Tbilisi-Ərzurum qaz kəməri hər iki dəfə Türkiyənin Qars vilayətinin Sarıqamış ərazisində partladılıb. O ərazidə əvvəllər azərbaycanlılar yaşayıb. Lakin soydaşlarımız buradakı torpaqlarını kürdlərə sataraq onların bu ərazidə artmasına şərait yaradıblar. Faktiki olaraq, bu ərazidə kürdlər azərbaycanlılardan say etibarı ilə üstünlük təşkil edir. PKK-çıların gizlənməsinə, onların kəşfiyyat işlərinin aparılmasına burada məskunlaşmış kürdlər köməklik edir. Hesab edirəm ki, burada olan dövlət qurumları, xüsusi xidmət orqanları baş verən proseslərdə obyektiv mövqe tutmalarını tələb edə bilər. Yerli kürdlərin içərisində PKK üzvlərini dəstəkləyənlər olmasa, onlar ora gələ bilməz. Bu səbəbdən də Türkiyə hakimiyyət orqanları ciddi işləməlidir və kəmərin qorunması üçün də mühafizə dəstəsi yaradılmalıdır".
Q.Hüseynli deyib ki, PKK-nın bölgədə belə aktiv hərəkət etməsində beynəlxalq mühafizəçilərin böyük rolu var: "Burada ilk növbədə Rusiyanın adını çəkmək olar. Bundan başqa, Amerika PKK-nı terrorçu təşkilatlar siyahısına salsa da, amma son dövrlər Bərzaninin timsalında kürdlərə böyük dəstək verir. Yəni, demək istəyirəm ki, beynəlxalq dəstək olmasa, bir ovuc PKK dəstəsi bu cür böyük enerji dəhlizində "at oynada" bilməz. Deməli, bunların ciddi dəstəkçiləri və müəyyən mənada informasiya ötürücüləri var".
Qars vilayətinin Sarıqamış bölgəsinin icra nümayəndəsi Yusif İzzət Karaman mətbuata açıqlamasında bildirib ki, artıq Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində təmir işlərinə başlanılıb. Onun sözlərinə görə, PKK terrorçuları tərəfindən törədilən partlayış nəticəsində qaz kəmərinə dəyən ziyanın həcmi o qədər də böyük deyil: "Lokal şəkildə kiçik bir nöqtədə, kəmərin 50 metrlik hissəsinə zərər dəyib. Düzdür, zərər nə qədər az olsa da, kəmərin fəaliyyətinə təsir göstərir. Təmir işləri ən qısa zamanda yekunlaşacaq. Bildiyiniz kimi, təxminən bir ay əvvəl də analoji partlayış baş vermişdi. Həmin partlayışdan üç gün sonra təbii qazın nəqli bərpa edilmişdi. Bu dəfə isə partlayışdan dörd gün sonra qaz nəqli bərpa olunacaq".
Qurum rəsmisi əlavə edib ki, təmir işlərinin tamamlanmadığı üçün qaz kəmərinə dəyən ziyanı ölçmək mümkün deyil. Onun sözlərinə görə, qaz kəmərinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilib: "Boru xəttinin keçdiyi ərazilərdə təhlükəsizlik qüvvələrinin və nəzarət məntəqələrinin sayı artırılır".
BƏXTİYAR