Bu gün Milli Məclisin sədr müavini Bahar Muradova ABŞ-ın Nyu Meksiko ştatının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüş zamanı vitse-spiker vurğulayıb ki, Azərbaycan-ABŞ münasibətləri strateji müttəfiqliyə əsaslanır: “Ölkələrimiz arasındakı əlaqələr yalnız rəsmi dövlət səviyyəsində deyil, vətəndaş cəmiyyəti və icmalar səviyyəsində də dərinləşir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan bu sahədə əldə etdiyi nailiyyətləri bütün regionun mənafeyi üçün istifadə edir. Demokratik quruculuq yolunda ABŞ bizim üçün yaxşı örnəkdir”.
Bahar Muradova razılıqla qeyd edib ki, ABŞ-ın 15-dən çox ştatı, o cümlədən Nyu Meksiko Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi ilə bağlı obyektiv gerçəkliyi əks etdirən sənədlər qəbul edib. Həmin qətnamələrin əhəmiyyəti böyükdür.
Qonaqlara məlumat verilib ki, Milli Məclisin sədri Oqtay Əsədov hazırda ABŞ-da səfərdədir. Spiker Parlament Sədrlərinin Nyu-Yorkda keçirilən 4-cü Ümumdünya Konfransında iştirak edir. Parlament diplomatiyasının əhəmiyyətini yüksək dəyərləndirən vitse-spiker dedi ki, Azərbaycan və ABŞ xalqları arasında ildən-ilə xalq diplomatiyası da inkişaf edir. Qonaqların nəzərinə çatdırdı ki, Azərbaycan müxtəlif etnik qruplara və dinlərə mənsub insanların rahat yaşadığı tolerant ölkədir.
Görüşdə Azərbaycana dəvətə görə təşəkkürünü bildirən ABŞ-ın Nyu Meksiko ştatının Dövlət Senatoru, nümayəndə heyətinin başçısı xanım Mari Kuper-Papen ölkəmizə səfərdən məmnunluqlarını ifadə etdi. Bakıya dördüncü dəfə gəldiyini bildirərək hər səfərdən daha zəngin təəssüratla ayrıldıqlarını, hər gəlişdə həm dostluğun, həm də ölkənin inkişafının şahidi olduqlarını vurğuladı. Səfərlər zamanı Quba məzarlığına baş çəkdiklərini və dağ yəhudiləri ilə görüşdüklərini söylədi.
Xanım Mari Kuper-Papen təhsil, kənd təsərrüfatı, biznes, media və digər sahələrdə Azərbaycanla Nyu Meksiko ştatının ikitərəfli faydalı əməkdaşlığı üçün geniş imkanlar olduğunu qeyd etdi. Milli Məclislə əməkdaşlığın möhkəmlənməsini yüksək dəyərləndirdi. Hər iki tərəfdən deputatların görüşlərinin intensivləşməsini və informasiya mübadiləsinin genişləndirilməsini vacib saydı.
Söhbət zamanı Bahar Muradova Azərbaycan mədəniyyətinin nailiyyətlərindən də danışdı. Bildirdi ki, Azərbaycan Şərqdə yalnız ilk demokratik respublikanın deyil, ilk opera və baletin də vətənidir. O baxımdan mədəni əlaqələrimizin inkişafı vacibdir və böyük səmərə verə bilər.
Görüşdə beynəlxalq vəziyyətlə bağlı bəzi məqamlara və narahatlıq doğuran çağırışlara da toxunuldu. Dağlıq Qarabağ problemindən, işğal altındakı bölgələrdən söz açıldı. Azərbaycanın növbəti parlament seçkiləri ərəfəsində olduğunu deyən Bahar Muradova bildirdi ki, tezliklə fəal seçki kampaniyası başlanacaq.
Söhbət zamanı perspektivdə duran bir sıra məsələlər müzakirə edildi.
Cavidan