Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya qısamüddətli səfəri əvvəldən təxmin edildiyi kimi, mətbuatda geniş işıqlandırılmadı. Hər halda S.Lavrovla azərbaycanlı həmkarı Elmar Məmmədyarovun görüşü ilə əlaqədar olan hissəsi. Bu bir daha sübut edir ki, Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin xarici işlər naziri ilə münaqişə tərəflərindən birinin xarici işlər nazirinin arasında baş tutan söhbət məxfi xarakter daşıyıb və uzanmış münaqişənin tənzimlənməsinə aid olub.
Lakin sentyabrın 1-də mətbuatda Rusiya xarici işlər naziri ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü barədə məlumat yayıldı. Görüşdə Rusiya tərəfi bir daha Azərbaycanla əlaqələrin artan sürətlə inkişaf etdiyini təsdiqlədi və dövlət başçısını inandırdı ki, beynəlxalq münasibətlərin bütün strateji problemləri üzrə Moskva ilə Bakının mövqeləri üst-üstə düşür.
Burada əhəmiyyətli bir məqamı qeyd etmək istərdim. Azərbaycanın əsas xarici siyasət kursu olan balans siyasəti öz töhfəsini gətirir. Belə siyasətin xeyri xüsusilə indiki məqama oxşar böhran məqamlarında aydın olur – keçmiş müttəfiqlər və ya əksinə, barışmaz rəqiblər vəziyyətdən istifadə edib “Böyük Qardaş”la əlaqələri hesabına mənfəət əldə edir. Antirusiya əhvalının güclənməsinə səbəb olan Ermənistandakı etirazlar və məcburi tədbirlər – Rusiya qazının qiymətinin azaldılması, Rusiyanın qaz nəhəngi “Qazprom”la Türkmənistanın məhkəməsi, Ukraynaya görə Qərbin tətbiq etdiyi sanksiyalar – bunların hamısı Rusiya üçün ciddi siyasi çağırışlar silsiləsinə çevrilib.
Bununla yanaşı, Bakıya əməkdaşlıqdan savayı əvvəldən Kremldən başqa heç nə lazım deyildi. Azərbaycan maliyyə baxımından Moskvadan asılı deyildi və bu gün ölkəmiz Rusiyaya bir çox məsələlərdə yardım edə bilər: Rusiya bazarlarında Avropa ərzaq məhsullarını öz keyfiyyətli məhsulları ilə əvəzləməkdən tutmuş, BMT, Avropa Şurası və digər beynəlxalq institutlar çərçivəsində məhsuldar qarşılıqlı əlaqəyə qədər.
Dəyişən geosiyasi reallığa baxmayaraq, Azərbaycan Xəzərdə, humanitar və təhlükəsizlik sahələrində Rusiya ilə əməkdaşlıq etməyə davam edir. Düzünə qalsa, bu gün Azərbaycan regionda yeganə ölkədir ki, Rusiya ilə müxtəlif sahələrdə müntəzəm və bərabərhüquqlu əməkdaşlıq edir. Bundan başqa, Bakının regionda bütün qonşu ölkələrlə yaxşı münasibətlərini, bu ölkələrin bəziləri ilə bu gün Rusiyanın hərdən gərginlik yaşadığını nəzərə alsaq, Bakı Kremllə Gürcüstan, Aşqabad və ya Ankaranın əlaqələrinin yoluna qoyulmasında vasitəçi ola bilər.
Yuxarıda sadalananları nəzərə alıb, S.Lavrovun Bakıya səfərini və buradakı görüşlərini hər iki tərəf üçün konstruktiv hesab etmək olar. Rusiyaya kömək etməyə hazırlığa cavab olaraq S.Lavrovun Mosvadan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Bakıya yardım təklifi gətirməsi də mümkündür.
Elmira Tariverdiyeva - Trend