4 Sentyabr 2015 14:38
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər biriniz haqqında tədbir görəcəyik”

AXCP-nin Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi partiya daxilində strukturlar yaratmaqda davam edir. Narazılar artıq Ağcabədidə də yeni konfrans keçirməyə hazırlaşır. Konfransın nə zaman keçiriləcəyi konkret bəlli olmasa da, həftə ərzində baş tutacağı gözlənilir. Qeyd edilir ki, AXCP Ağcabədi təşkilatının bərpa olunması cəbhəçilərdə böyük inam yaradıb.

Narazılar özlərinə mətbuat katibi seçiblər

Dünən narazılar artıq özlərinə mətbuat katibi təyin ediblər. AXCP Etimad Qurultayının Təşkilat Komitəsindən verilən məlumata görə, Vüsal Qarayev mətbuat katibi təyin edilib. Bundan sonra narazılarla bağlı bütün məlumatları cəmiyyətə V.Qarayev çatdıracaq.

AXCP Etimad Qurultayının Təşkilat Komitəsinin üzvü Cavid Musazadə isə AXCP-dəki gənclərə müraciət edib: “Zombilərə müraciət edirəm. Kimlərinsə diktəsi ilə bizi təhqir etmək kursu götürən, mədəni siyasi mübarizə edə bilməyib qırmızı xətti keçən hər birinizin qeydiyyatını aparıram. Sizin həddi aşan hər biriniz haqqında şəxsinizə uyğun tədbirlər görəcəyik. Sizə bizi söyməyi göstəriş verərək özləri yazmayıb gizlənənlərin fitnəsini düşünün. Məqbul olsaydı, sizləri önə verib özləri sakit durmazdılar. Sizi xərcləyiblər. Bir daha düşünün, ağıllı olun!”.

C.Musazadə qeyd edib ki, Əli Kərimlinin sədrlik etdiyi AXCP-dən istefalar davam edir: “İstefaya gedənlər bir qayda olaraq, Əli Kərimlinin partiyada yaratdığı antidemokratik vəziyyətə etiraz edərək mübarizələrini narazıların sırasında davam edəcəklərini bəyan edirlər. Artıq sədrə qarşı etiraz edərək partiyadan çıxan insanlar azad, demokratik fəaliyyətə üstünlük verirlər. Nəticədə də istefalar davam edir”

Bu arada məlum olub ki, AXCP-də yarpaq tökümü davam edir. Dünən daha iki cəbhəçi Etimad Qurultayının hazırlıq üzrə Təşkilat Komitəsini dəstəklədiklərini bəyan ediblər. AXCP Nərimanov rayon şöbəsinin məclis üzvü, dayaq dəstəsinin sədri Səfərov Ələkbər və Sadıqov Zaur narazılara qoşulub. Onlar bəyanatlarında Əli Kərimlinin partiya daxilində yaratdığı özbaşınalığa, yürütdüyü ədalətsiz siyasətə etiraz etdikləri üçün bu addımı atdıqlarını bildiriblər.

AXCP fəalı Dəyanət Babayev isə bəyan edib ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və sədrin sərəncamsız müşaviri Məhəmməd İbrahim partiyanın Nərimanov təşkilatını dağıdır.

Qubadlı təşkilatı narazıların əlinə keçib

Qeyd edək ki, ötən gün narazılar Qubadlı rayon şöbəsinin konfransını keçirib. Konfransda AXCP-nin bərpası, fəaliyyət istiqamətləri və təşkilati məsələ müzakirə olunub. Konfransdan öncə AXCP-də son zaman baş verən hadisələr, Əli Kərimlinin AXCP ilə bağlı apardığı uğursuz siyasət kəskin tənqid olunub. Bildirilib ki, Əli Kərimlinin siyasəti partiyanın parçalanmasına səbəb olub. Pariya daxilində diktatura rejimi yaradılıb. Üzvlərə qarşı diskriminasiya siyasəti yeridilir. Həyatını bu təşkilatın inkişafına, qorunub saxlanmasına sərf edənlər təhqir olunur, onlara qarşı təzyiqlər edilir, böhtanlar atılır. Qeyd edilib ki, bu məsələlərin arxasında Əli Kərimli dayanır. Ətrafına topladığı insanlarla birgə partiyanı məhvə sürükləyir. Konfrans iştirakçıları bildiriblər ki, bütün bu baş verənlərə görə Qubadlı cəbhəçiləri AXCP Etimad Qurultayı Təşkilat Komitəsini dəstəkləyir və onun ətrafında birləşirlər.

Daha sonra konfransda təşkilati məsələyə baxılıb. Ramin Tofiq oğlu Əmiraslanov AXCP Qubadlı rayon şöbəsinin sədri seçilib. Mahir Musa oğlu Aslanov Ali Məclisin, Əlövsət Şamil oğlu Babayev, Bəhruz Ərşad oğlu Quliyev, Elman Əkbər oğlu Məmmədov isə NTK üzvləri seçiliblər. Eləcə də, Ramin Əmraslanov, Kamil Babayev, Səfər Çəlbiyev, İltizam Qurbanov qurultay nümayəndələri seçiliblər. Konfransda ümumilikdə 40 nəfər iştirak edib.

Əli Kərimlinin rəhbərlik etdiyi AXCP qrupu isə narazıları satqınlıqda ittiham etməkdə davam edir. Lakin, eyni zamanda, bu qrup qurultaya hazırlaşdığını elan edir. Müşahidələr isə göstərir ki, bu qrumun qurultaya getməsi ciddi görünmür.

Cavidan


Müəllif:

Oxşar xəbərlər