9 Sentyabr 2015 11:58
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müxalifət liderlərinin namizədliyi irəli sürülən dairələrdə Azərbaycan Demokrat Partiyasının (ADP) namizədi olmayacaq".

Bu barədə ADP sədri Sərdar Cəlaloğlu məlumat verib. Onun fikrincə, digər partiya sədrlərinin namizədliyini verdiyi dairədən ADP-nin namizəd irəli sürüb alternativ yaratması siyasi etika baxımından doğru deyil: "Ona görə bir çox namizədimizi geri çəkdik. Partiyanın maraqlarını da nəzərə alıb 21 dairə üzrə namizədlə seçkiyə qatılacağıq. Namizədlərimizin bütün sənədləri hazırlanıb, dairələrə təqdim olunub. İmzalar toplanıb qeydiyyat başa çatandan sonra növbəti mərhələdə seçicilərlə görüşlər, təbliğat vasitələrinin yayılması kimi işlərlə məşğul olacağıq".

"Niyə başqa partiyanın minnətini götürməliyəm?"

"Digər partiyalardan Sizə güzəşt ediləcəyini gözləyirsiniz" sualını S.Cəlaloğlu belə cavablandırıb: "Bu addımı biz birtərəfli atmışıq. Müsavat, "Azadlıq-2015" bloku, REAL namizədliyimi verdiyim 9 saylı Binəqədi 2-ci seçki dairəsindən namizəd irəli sürüb. Elə partiya var iddialı olduğum dairədən 2 namizəd verib. Biz qarşılıqlı müqavilə əsasında belə addım atmamışıq. Açığı, kiminsə mənim xeyrimə namizədliyini geri çəkməsini istəmirəm. Çünki buna ehtiyacım yoxdur. 9 saylı dairədən hamıdan çox səs toplayacağıma inanıram. Ona görə də niyə başqasının minnətini götürməliyəm? Ən yaxşısı seçicinin minnətini götürməkdir. Onsuz da seçiciyə xidmət eləyəcəyik deyə onun bizim üzərimizdə minnəti olmalıdır".

"İqbal Ağazadəyə görə dairəmi dəyişdim"

O, "Qarabağ" blokunda birgə fəaliyyət göstərdiyi Ümid Partiyası sədrinin yaratdığı "125-lər" klubunun üzvünə görə dairəsini dəyişdiyini bildirib: "Əvvəlcə, 21 saylı Nəsimi 1-ci seçki dairəsindən namizədliyimi vermək istəyirdim. İqbal Ağazadə müavinim Həsrət Rüstəmova demişdi ki, xahiş edirəm Sərdar bəy 21 saylı dairədən namizədliyini verməsin. Onun xahişini nəzərə alıb həmin dairədən namizədliyimi irəli sürmədim. Dedim bir halda ki, İqbal bəy xahiş edib, dairəmi dəyişərəm, ona görə də 9 saylı dairədən namizəd olmaq qərarı qəbul etdim.

Qeyd edək ki, 21 saylı Nəsimi I seçki dairəsindən "125-lər" klubunun üzvü Günel Səfərova namizədliyini verib.

"Qarabağ" blokunun fəaliyyəti başa çatıb

ADP sədri qeyd edib ki, İqbal Ağazadə ilə münasibətləri normal olsa da, siyasi əməkdaşlıq bundan sonra davam etdirilməyəcək: "Parlament seçkilərində məlum oldu ki, Ümid Partiyası başqa qüvvələrlə koalisiya yaratmağa maraqlıdır. "Qarabağ"ın bu şəkildə saxlanması mənasızdır. Ona görə də blokun fəaliyyətini başa çatmış hesab etmək olar".

ADP sədri seçkilərdə əldə edilən məlumatların mübadiləsi, müşahidəçilərin birgə akt yazması, protokolların verilməsi ilə bağlı bütün təkliflərə açıq olduğunu deyib: "Bizim seçkidə iştirakımızın bir məqsədi də bütünlükdə seçkilərin demokratik keçirilməsinə qatqı verməkdir. Kim bu istiqamətdə fəaliyyət göstərəcəksə, uzlaşmalar olacaq. Amma konkret olaraq hər hansı partiya ilə bununla bağlı müqavilə bağlamağa ehtiyac yoxdur. Çünki hər məntəqədə müşahidəçilər olacaq".

"Əli Kərimli müxalifətlə nə zaman bir yerdə olub ki, indi də bir yerdə olsun?"

S.Cəlaloğlu Milli Şuranın boykot çağırışına da münasibətini bildirib. O qeyd edib ki, Milli Şura artıq yoxdur, orada, sadəcə, Əli Kərimli qalıb: "Əli Kərimli Azərbaycanda belə siyasət aparır: bütün müxalifət seçkini boykot edəndə, o, seçkiyə tək gedib, bütün müxalifət seçkiyə gedəndə, o, boykot edib. Burada bir niyyət var, hamıdan ayrılanda hakimiyyətin siyasi konyunkturasına uyğun olursan. Əli Kərimli müxalifətlə nə zaman bir yerdə olub ki, indi də bir yerdə olsun? O, həmişə çalışıb ki, ortalığa müxalifətdən fərqli mövqe qoysun və o fərqə görə də özünün fərdi və qrup maraqlarını təmin etsin”.

“Hadisələr göstərdi ki, Əli Kərimli kino çəkdirirmiş, özü də baş roldadır”

O, 2005-ci il parlament seçkilərindəki situasiyanı xatırladıb: “Yadımdadır, 2005-ci ildə parlament seçkilərində sonuncu mitinqimizdə çox ciddi mübahisə oldu. Əli Kərimli belə təklif elədi ki, meydanda qalaq, guya hansısa dəstək olacaq, İsa Qəmbər dedi ki, aldığım məlumata görə bu, provokasiyadır, meydanda qalmaqla bütünlükdə aksiyaların qarşısı alınacaq. Sözün düzü, o vaxt Əli Kərimli mənə beynəlxalq səfirliklərin adından elə inandırıcı məlumatlar verdi ki, mən demokratik beynəlxalq qüvvələrin dəstəyinin olacağına inandım. Amma sonra hadisələr göstərdi ki, Əli Kərimli kino çəkdirirmiş, özü də baş roldadır, guya Azərbaycanda siyasi mübarizənin lideridir. Sonda noyabrın 26-da mitinqin dağıdılması ssenariyə daxil imiş Əli Kərimli meydandan çıxır, meydanda bunu döyürlər. BBC-nin çəkdiyi kinoya baxdım, orada epizodların bir çoxu gizli şəkildə edilmiş şeylər idi. Guya AXCP-çilər qala divarlarından şəhərə nələrsə yayırlar, bunlar həqiqətə uyğun deyildi, ssenari yazılmışdı. Guya AXCP-nin sexi varmış, orada qırmızı köynəklər istehsal edirlər. Yəni Əli Kərimli öz marağı üçün hər şeyi - müxalifəti, mübarizəni, əqidəni də qurban verməyə hazırdır. Bu adam siyasət adamı deyil, siyasətdə biznesmen kimi iştirak edib. Həmişə də qazanclı çıxıb. Görünür, bəzi münasibətlər korlanıb, indi də hökumətə radikal mövqedə durmaqla qazanc əldə etmək istəyir. Bir çox kanallarla onun necə maliyyələşməsi bizə də məlumdur. Bunlar hamısı siyasi oyundur. O, seçkini boykot etmir, sadəcə, olaraq siyasi boykot adı altında müəyyən qazanc götürmək istəyir. Özü bilər, işi irəli olsun”.

“Milli Şuranın adını AXCP və ya Əli Kərimlinin tərəfdarları qoymaq olar”

ADP sədri əlavə edib ki, ümumilikdə qanun vətəndaşları seçkidən yayındırmağı qadağan edir: “Həm də demokratiya seçkidən yayınmağı ciddi addım hesab etmir, bugünkü beynəlxalq konyunktura Azərbaycanda hansısa radikal mövqenin düzgün olmadığını ortalığa qoyur. Şərtlər göstərir ki, Əli Kərimlinin bu qərarı siyasi reallıqdan uzaq, subyektiv qərardır. Tamamilə başqa niyyət və məqsədlərə xidmət edir. Milli Şuranın nə gücü, potensialı var ki? Sadəcə, adı qalıb, Milli Şuranın əsas gücü Müsavat idi. Müsavat və digər partiyalar Milli Şuradan çıxıb. İndi ancaq Əli Kərimli və onun tərəfdarları qalıb. Bu qurumun adını AXCP, Əli Kərimlinin tərəfdarları da qoymaq olar. Cəmil Həsənli dünənə qədər Əli Kərimlinin müavini olub. Hamı bilir ki, hətta Cəmil Həsənli prezidentliyə namizəd olanda da onun bütün mövqeyini Əli Kərimli müəyyənləşdirib. Hamımız Cəmil Həsənlinin statusunu, potensialını, rolunu və arxasında kimin durduğunu bilirik”.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər